• 23 Noyabr 2024 06:28

Rüfət Nasosnu “Quzu kəsərəm”dən danışdı: “Bəh-bəhlə dinlədikləri “Gəlmişəm otağına, oyadam səni”dən yaxşıdır…” – VİDEO

 

Rüfət Nasosnu kimi məşhurlaşan meyxanaçı Rüfət Kərimov “Quzu kəsərəm” meyxanasına görə sosial şəbəkələrdə tənqid edilməsinə münasibət bildirib. 

O, Pravda.az-a müsahibəsində “Youtube”da sözügedən meyxanaya baxış sayının çox olması məsələsinə toxunub: ““Youtube”da baxış sayı önəmli predmet deyil. Ola bilər, insanlar pis şeyə də baxsınlar.

 

Qorxulu, ya da pornoqrafik film də yerləşdirsələr, onun da baxış sayı çox olacaq, amma o demək deyil ki, həmin film yaxşıdır. Yəni kəmiyyət “keyfiyyət” demək deyil. 1938-ci il olsaydı, Almaniyada olsaydım, “Hay, Hitler!” deyəcəkdim, mənimlə birgə 30 milyon adam “Hay Hitler!” deyəcəkdi. O demək deyil ki, bunu demək yaxşıdır. Meyxana deyənəm, Üzeyir Hacıbəyov, Şostakoviç deyiləm ki, özümdən musiqilər, simfoniya bəstələyim. Bu, sırf biznes üçün olan bir işdir, mahnı deyil. Təqdimatda da dedim ki, “Quzu kəsərəm” sırf musiqili meyxanadır, bundan o yana olmur. Klipə gəlincə, yenə heç olmasa klipim var. Bəziləri, ümumiyyətlə, tamaşaçısına hörmət etmir.

 

Adam var, pulu, imkanı ola-ola bir şəklini çəkib ekrana qoyur, heç klip çəkmir, özünə əziyyət vermir. Adam da var, imkanı yoxdur. Elə vaxt olub ki, məndə də belə olub, bir şəkil qoymuşam. İşinə, sənətinə, tamaşaçısına, özünə hörmət edən adam heç olmasa əziyyət çəkməlidir ki, mahnıya, ya meyxanaya qulaq asdıqca tamaşaçının gözü yorulmasın”.

 

 

R.Nasosnu “Quzu kəsərəm”in sözlərini Elza Seyidcahanın şeirlərinə bənzədənlərə belə cavab verib: “Sözləri özümə aiddir, ümumiyyətlə, nə oxuyuramsa, sözləri mənə aiddir. Kifayət qədər şeirlərim də var. “Ata” şeirim “TikTok”un Azərbaycan seqmentində ən çox paylaşılan şeirlərdən biridir. Bəzən təsadüfən nəsə qarşına çıxır, iki saniyə baxıb keçirsən. Bu, milyon baxış sayının olmasına kömək edir. Bir də var ki, qulaq asırsan, xoşuna gəlir və paylaşırsan. Önəmli predmet budur. İnsan öz vaxtına hörmət etməlidir.

 

Bəzən insanlar elə bilirlər ki, bundan sonra 200-300 il yaşayacaqlar. Nəyə gəldi, vaxt ayırırlar. Öz əllərindən heç nə gəlmir, amma qabiliyyətsizlik, qanacaqsızlıq edib, bilib-bilmədən kiminsə işinə müdaxilə edirlər.

 

Meyxanadır, dindir, siyasətdir – bunlardan hamı danışır, bilən də, bilməyən də… Ali savadımız, təhsilimiz var. Oturub yazmaq istəsək, ortaya kifayət qədər sanballı bir şey çıxara bilərik. Sadəcə, camaat məni “prikol” qarşılayıb, həmişə belə qəbul edib deyə, məhz bu istiqamətdə oxumuşam. “Quzu kəsərəm” musiqili meyxanası “Yeri, yeri, mən də gəlim dalınca, dəsmal ilə apar məni yanınca”dan, toyda oynadıqları “Yar yaxasın düymələsin, düyəmələyir, düymələsin”dən, bəh-bəhlə qulaq asdıqları “Gəlmişəm otağına, oyadam səni”dən, “Pəncərədən daş gəlir, ay bəri bax, bəri bax”dan yaxşıdır. Pəncərədən niyə daş gəlməlidir? Sadəcə, evdə bekarçılıqdır, arvad üstünə qışqırır, bilmir ki, hirsini kimin üstünə töksün. Uşağın üstünə töksə, uşaq da ona cavab qaytaracaq.

 

Buna görə də girir heç kimin ona cavab qaytarmadığı yerə müraciət edir. Zəhərini sosial şəbəkələrə tökür. Tapıb həmin adamı soruşursan ki, qardaş, niyə belə edirsən, yetkin adamsan, 50 yaşın var. Deyir ki, “uşaq telefonla girib edib, mənim anlayışım yoxdur”. Başa düşmədiyin şeyə niyə müdaxilə edirsən? Azərbaycan Respublikasında hələ “komment”, sosial şəbəkə mədəniyyəti inkişaf etməyib. Altından “qol” çəkərək deyirəm, bəzən insanlar o qədər murdarlaşırlar ki, sözlərini mənə deyə bilmirlər, qəsdən sosial şəbəkəyə girib, 5-6 profil açır, oradan mənə hücum etməyə başlayırlar. Üzümə deyə bilmir, girib sosial şəbəkədə hücum edir. Əslində, bu, mənə yaxşıdır. Tənqid gözəl şeydir, adam nəticə də çıxarar. Sadəcə, təhqir olmaz.

 

Kimsə təhqir etsə, hər şeyimdən keçib o adamı tapacağam, özüm onu təhqir edəcəyəm. Necə ki qohumlarını söysən, onun acığına gələr, eləcə də mənim qohumlarım girib onun yazdıqlarını oxuyur, əziyyət çəkirlər. Qoy elə mənimkilər əziyyət çəkincə, onunkular əziyyət çəksinlər. Mənim anam ağlayınca, qoy sənin anan ağlasın…”

Oxşar xəbərlər