Aİ Rusiya aktivlərindən əldə edilən gəlirlərin istifadəsini qanuniləşdirəcək
Avropa İttifaqı yaxın günlərdə Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən faiz gəlirlərinin Kiyevi dəstəkləmək üçün istifadəsini qanuniləşdirmək niyyətindədir.
Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Almaniyanın Xristian Demokratik İttifaqı (CDU) partiyasının mətbuat konfransında bildirib.
“Biz indi bu əmanətlərdən alınan faizlərin Rusiyaya məxsus olmaması üçün hüquqi addımlar atmağa başlamışıq. Hüquqi vəziyyət elədir ki, biz bu faizləri Ukrayna üçün istifadə edə bilərik”, deyən fon der Leyen bütün lazımi mərhələlərin tamamlandığını və yaxın vaxtlarda təşəbbüsün qəbul olunacağını qeyd edib.
Fevralın 17-də AK rəhbəri bəyan edib ki, Alyans Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Ukrayna üçün silah istehsal etmək üçün istifadə edəcək. Bundan əvvəl fon der Leyen Avropa ölkələrini müdafiəyə daha çox xərcləməyə, Avropanın müdafiə sənayesini stimullaşdırmağa və hasilatı artırmağa çağırıb. (Valyuta)