Yeniyetməni alçaldan məktəbli qızın psixoloji problemi var? – Mütəxəssis açıqladı
Sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair yayılan görüntülər ciddi müzakirələrə səbəb olub.
Yayılan qeyri-etik görüntülərdən sonra müzakirə mövzusuna çevrilən məsələlərdən biri də sözügedən məktəblinin psixoloji durumudur.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq-pedaqoq Zeynəb Əyyubova yeniyetməlik dövründə uşaqlarda müəyyən dəyişikliklərin baş verdiyini bildirib:
“Yeniyetməlik dövrü 12 yaşdan başlayaraq, 18 yaşa qədər davam edir. Bu yaşlarda uşaqda hormonal, fiziki dəyişikliklər olur və bunu gözlə müşahidə edə bilirik. Uşaqda bu yaşlarda dəyişim o qədər sıx gedir ki, sinir sistemində də dəyişikliklər qaçılmaz olur.
Şiddət mövzusunda bir psixoloq kimi həyəcan təbili çalıram: Uşağınız hətta ibtidai sinifdə belə hansısa uşağa bullinq edəndə, psixoloji, fiziki zorakılıq göstərəndə “əşşi, uşaqdır, keçər” deməyin! Bu gün Azərbaycanın bəlası budur, valideynlər öz uşaqları kimisə vuranda səssiz qalır, amma həmin uşağı kimsə vursa, dərhal ayağa qalxır. Əgər övladınız başqa uşağı vuranda, psixoloji şiddət göstərəndə susursunuzsa, həmin şiddəti özünüz etmiş olursunuz. Təəssüflər olsun ki, biz lap kiçik yaşlarından uşağa bir cümlə öyrədirik: Səni vurdularsa, vur, səni yıxdılarsa, yıx. Bu düşüncə ilə böyüyən uşaq böyüyəndə də şiddətə meyilli olur”.
Psixoloq qeyd edib ki, “travmalıdır” adı altında edilən hər neqativ hərəkətə haqq qazandırmaq düzgün deyil:
“Bunun adını travma qoya bilərlər, amma Azərbaycanda travmasız ailə yoxdur. Onda belə çıxır ki, hər kəs əlinə bir bıçaq alıb gəzməlidir? Başqalarına şiddət göstərməlidir?!
Evdə tərbiyə edə bilmədiyimiz uşaqlara “travmalıdır” deyərək bəhanə uydurub əllərinə bayraq veririk. Heç bir travma kimisə əzməyə, kiməsə şiddət göstərməyə bəhanə deyil!