• 24 Noyabr 2024 04:01

Bəxtiyar Hacıyev: “Daxili işlər naziri məndən qisas alır” 

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin məhkəməsi davam edir. O, 2022-ci ilin dekabrında Yasamal rayon Məhkəməsində Ülviyyə Alovluya qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamlarıyla həbs olunub. Sonradan isə yeni hallar kimi QHT fəaliyyətinə görə əlavə maddələr verilib və istintaq müddəti bir neçə dəfə uzadılıb. İstintaq orqanı Hacıyevi qaçqmalçılıqda, qanunsuz sahibkarlıqda, sənədi saxtalaşdırmaqda, müxtəlif beynəlxalq təkilatlardan qrantlar alıb təyinatı üzrə xərcləməməkdə təqsirləndirilir. 

 

Sonuncu məhkəmə iclasında Bəxtiyar Hacıyev məhkəmədə vəsatət qaldırıb ki, onun barəsində təhqiqat aparmış Yasamal rayon Polis İdarəsinin 28-ci bölməsinin təhqiqatçısı Pünhan Əbilovun və Ülviyyə Alovlunun kəllə-beyin travması alması barədə rəy vermiş həkim-ekspert Cahangir İsmayılovun imzaları ekspertiza edilsin. O, məhkəmədən xətşünaslıq ekspertizası keçirilməsini tələb edib. Vəsatətini belə əsaslandırıb: “Bu adamların ayrı-ayrı sənədlərdəki imzaları da fərqlidir. Təsəvvür edin ki, bu adamların protokollardakı, Bakı Şəhər Baş Polis İdarəsində verdikləri ifadələrdəki, verdikləri rəylərdəki, yazdıqları “Cinayət işi başlansın” sənədindəki imzaları bir-birindən tamamilə fərqlidir. Və mən məhz həmin saxta imzalı protokollar əsasında həbs olunmuşam. Həmin imzaların doğruluğunun yoxlanması üçün məhkəmədən xətşünaslıq ekspertizası təyin olunması barədə qərar çıxarılmasını xahiş edirəm”.

 

Dövlət ittihamçısı Eldar Həmzəyev bildirib ki, indiki mərhələdə vəsatət baxılmamış saxlanılsa yaxşı olar: “O şəxslər vəkillərin hazırlıq iclasında verdikləri vəsatətlə əlavə şahid qismində dəvət olunacaqlar, ifadələri alınacaq, yalnız ondan sonra imza məsələsiylə bağlı verilmiş vəsatətə baxmaq olar”.

 

Bəxtiyar Hacıyev: – Hörmətli prokuror, mən deyirəm ki, imzalar fərqlidir, şübhəlidir və mən o şübhəli sənədlər əsasında burda oturmuşam. Başıma gələnlər, həbsə düşməyim 28-ci polis bölməsinin təhqiqatçısının yazdığı “Cinayət işinin başlanması” sənədindən qaynaqlanır. Mən də deyirəm ki, həmin o vərəqənin yuxarısında iri hərflərlə yazılmış “Cinayət işi başlansın” sözünün altındakı imza saxtadır. O saxtalıq ekspertiza ilə təsdiqini tapsa, bu məhkəməyə də ehtiyac qalmayacaq. Sizsə deyirsiz ki, qoy məhkəmə bitsin, sonra bu məsələyə baxarıq”.

 

Tacxeber.com

Oxşar xəbərlər