Texnologiya nəhəngləri hər saniyədə nə qədər qazanırlar?
2023-cü il üçün İT nəhənglərinin hər saniyə üçün qazancı açıqlanıb.
Bu barədə “AltIndex” konsaltinq şirkəti hesabat yayıb.
Şirkətin hesabatına görə, “Apple” hər saniyədə 3074 dollar qazancla ən yüksək nəticə göstərib. Bununla da “Apple” hər saniyədə müvafiq olaraq 2443 və 2115 dollar qazanan “Microsoft” və “Alphabet” şirkətlərini geridə qoyub. “Meta” və “Amazon” şirkətləri isə saniyədə 942 və 636 dollar qazancla ilk beşliyi tamamlayıb.
“Apple” şirkətinin il ərzindəki qazancı isə 96,9 milyard dollar olub .Şirkət bu nəticə ilə də 2023-cü ildə beş ən böyük texnologiya şirkəti (“Google”, “Apple”, “Meta”, “Amazon” və “Microsoft”) arasında birinci olub.
Hesabata görə, 2022-ci ilin ikinci yarısında nəzərəçarpacaq dərəcədə azalmadan sonra ilk beş İT nəhəngi güclü bərpa nümayiş etdirib. Bu, əməliyyat xərclərinin əhəmiyyətli dərəcədə azalması sayəsində mümkün olub. Nəticədə, 2023-cü ilin sonuna qədər bu şirkətlərin ümumi gəliri 1,6 trilyon dollar və xalis mənfəəti 290 milyard dollar təşkil edib ki, bunun da üçdə birindən çoxu “Apple”ın payına düşüb.
Son bir ildə “Apple”ın səhmlərinin qiyməti də 390 milyard dollar artıb. Şirkətin bazar kapitallaşması 2023-cü ilin fevralında 2,41 trilyon dollar olub və o vaxtdan bəri 16% artaraq 2,8 trilyon dollara çatıb.