• 24 Noyabr 2024 10:40

Uşaqlar arasında yayılan virus: Qızılca ilə oxşardır, amma… – Valideynlərə XƏBƏRDARLIQ

Son zamanlar uşaqlar arasında Koksaki virusuna yoluxma halları müşahidə edilir. Virusun əlamətləri daha çox suçiçəyi ilə oxşar olduğundan müalicəsi bəzən səhv aparılır. Bu isə ağır fəsadlara səbəb olur. 

 

Bəs bu virusa yoluxanlar necə müalicə olunmalıdır? 

 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan həkim-professor Adil Qeybulla bildirib ki, son vaxtlar virusa yoluxmalar xeyli artıb:

 

“Ümumiyyətlə, son vaxtlar yuxarı tənəffüs yollarından keçən virus xəstəliklərinə yoluxmalar xeyli artıb. Uşaqlar arasında isə Qızılca, Koksaki, Skarlatina və göy öskürək olduqca geniş yayılıb. Koksaki virusu bəzən həkimlər tərəfindən vaxtında defernsasiya edilə bilmir. Ona görə də valideynlərə uşaqlarına bununla bağlı özbaşına diaqnoz qoymaq və hansısa tədbir görmək qətiyyən məsləhət görülmür. Məsləhət odur ki, birinci növbədə uşaqlar bu hala düşdükdə dərhal yataq rejiminə keçirilməlidir. Onlara bol maye verilməli və daha sonra həkim çağırılmalıdır. Həkim yalnız xəstəliyi və onun dinamikasını izləyərək diaqnoz qoyur və sonrakı tədbirləri həyata keçirir”.

 

Professor Koksaki virusunun müalicə yolları ilə bağlı məlumat verib:

 

“Məsələ burasındadır ki, bəzi virus xəstəliklərinin spesifik müalicəsi olmadığından ümumi tədbirlər onlar üçün yetərli olur. Bəzi xəstəliklərdə isə spesifik müalicə olduğundan, həmçinin, idarəolunan xəstəlik sayıldığından o xəstəliklərlə mübarizə nisbətən rahat keçir. Amma idarə olunması mümkün olmayan xəstəliklərə münasibət mütləq formada həkim səviyyəsində olmalıdır. Ona görə də bu virusla bağlı məsləhət görülən odur ki, istənilən situasiyada uşaqları yataq rejiminə keçirmək, onlara bol maye vermək və bir növ təcrid etmək, daha sonra isə həkim tərəfindən diaqnoz qoyulmasını təmin etmək lazımdır. Lazımi tədbirlər daha sonra aparılır. Düşünürəm ki, viruslarla bağlı bunlar əsas prinsip olmalıdır. Bu cür infeksiyaların lokallaşdırılması, vaxtında qarşısının alınması və tədbirlər görülməsi üçün bu qaydalar çox vacibdir”.

Tacxeber.com

Oxşar xəbərlər