“Düşünürəm ki, Cənubi Qafqazda problemin həllinin əsas şərti radikalizmdən və Qərbdən əl çəkməkdir, çünki ABŞ və Avropa İttifaqının (Aİ) Cənubi Qafqaza hər hansı müdaxiləsi istənilən razılaşma və qarşılıqlı anlaşmanın formalaşdırılması imkanlarını məhv edir”.
Tacxeber.com “Mehr”ə istinadla xəbər verir ki, bunu “Kremlin ideoloqu” adlandırılan Aleksandr Dugin İran nəşrinə müsahibəsində deyib.
O əlavə edib: “Cənubi Qafqazdakı problemləri bu regionda mövcud olan ölkələr, yəni Rusiya, İran, Türkiyə, Gürcüstan, Ermənistan və Azərbaycan, Qərb olmadan həll etməlidir. Deməli, Cənubi Qafqazda maraqlar olduğu üçün bu problemi həll etməyin əsas şərti birgə həll yolu tapmaqdır.
Üç böyük regional gücün, yəni Rusiya, İran və Türkiyənin maraqları bu bölgədə kəsişir və eyni zamanda, regional güclərin hər biri arasında Cənubi Qafqaz regionunun kiçik ölkələri ilə əlaqələr mövcuddur. Məsələn, ruslar, pravoslav gürcülər, azərbaycanlılar və türklər oxşar etnik qruplara mənsubdurlar”.
A.Dugin daha sonra qeyd edib:
“Eyni zamanda, Azərbaycanın müsəlman şiələri tarixən İranla bağlıdır. Ermənilər də etnik və ya irqi baxımdan iranlılara yaxındırlar. Amma gürcü və rus xristianlar xristianlığın monofizit adlı fərqli qoludur.
Beləliklə, din, etnik qruplar, tarixi münasibətlər və geosiyasi maraqların kəsişməsi var. Bu problemi 6 ölkənin, yəni 3 Cənubi Qafqaz dövləti və 3 regional gücün platforması vasitəsilə, heç kimin müdaxiləsi olmadan həll etməliyik. Biz Qərbdən əl çəkməliyik.
Qərbi bu məsələdən tamamilə kənarda qoymağın əsas şərti “3+3” platformasına müdaxilə etməməsidir. Üstəlik, hesab edirəm ki, problem əsasən Ermənistanla bağlıdır, çünki Paşinyan Soros və Qərb dövlətləri ilə bağlıdır və onlar Ermənistan vasitəsilə regionda sabitliyi pozmağa çalışır. Bundan əvvəl Qərb Gürcüstanda agent rolunu oynayan Saakaşvilinin yanında idi”.
“Kremlin ideoloqu” vurğöulayıb: “Qərb regionda sabitliyi pozmağa, bütün regional gücləri bir-birinə qarşı qoymağa çalışır. Yəni rusları türklərə, türkləri iranlılara qarşı, iranlılar da ruslara qarşı və s. Amma biz Qərb faktorlarını bir kənara qoyub, ilk növbədə, Moskva-Tehran-Ankara strateji üçbucağını formalaşdırmalı, strateji üçbucağın daxilində üç ölkənin geosiyasi vəziyyətini anlamalı və Qərbin istənilən müdaxiləsinin qarşısını almalıyıq. Cənubi Qafqazda problemin yeganə həlli budur”.