• 25 Noyabr 2024 17:19

Məşhur estetik cərrahın diplomu yox imiş – Klinika işdən çıxartdı – FOTO

Məşhur estetik cərrahın diplomu yox imiş – Klinika işdən çıxartdı - FOTO
     

Azərbaycanda ixtisası başqa, amma fəaliyyət sahəsi fərqli olan həkimlərin sayı günbəgün artır. Bu məsələ artıq pasiyentlərdən çox peşəkar həkimlərin özünü narahat edir. 


Belə ki, Tibb Universitetini bitirdikdən sonra illərlə başqa ixtisasda çalışsaların bəziləri sonradan dəbdə olan əməliyyat və prosedurları icra etməyə başlayır, özlərini estetik cərrah, stomatoloq, implantoloq, burun əməliyyatı üzrə uzman kimi tanıdır, pasiyentləri cəlb edir.

 

Bu məsələ tibb ictimaiyyətində haqlı narazılıqlara səbəb olur. Çünki həm bu üzrə rezidentura, həm internatura təhsili alan, ixtisası estetik və ya LOR cərrah olanlar bu sahə üzrə heç bir təhsil almayan, lisenziya almayan başqa həkimlərlə rəqabət aparmalı olur.

 

Acınacaqlı hal odur ki, çox vaxt yeni ixtisas seçən həkimlər qiymətləri endirərək rəqabətdə qazanır və xəstələri ucuz qiymətə yanlış əməliyyat edirlər.

 

Belə həkimlərdən biri də həm plastik, estetik, həm də LOR əməliyyatlar icra edən Fuad Abdullayevdir.

 

Məlum olub ki, bütün sosial şəbəkə profillərində plastik, estetik, LOR cərrah kimi özünü tanıdan Fuad Abdullayevin ixtisası əslində, ümumi cərrahdır və 20 il ümumi cərrah kimi qarın boşluğu orqanları üzrə əməliyyatlar edib, Mərkəzi Dənizçilər xəstəxanasında çalışıb.

 

Son 5 ildir estetik cərrahiyyəyə tələbat olduğundan istiqaməti dəyişib. Hazırda eyni vaxtda abdominoplastika, mammoplastikadan tutmuş burun əməliyyatlarına kimi hər cür əməliyyat edir.

 

Medicina.az-ın əməkdaşı məsələ ilə bağlı cərrahın özü ilə əlaqə saxlayıb, ixtisasını dəyişmək üçün ikinci təhsil, ixtisas artırma, lisenziya alıb–almaması ilə maraqlanıb.

 

Fuad Abdullayev suala dəqiq cavab verməyərək, cərrah olduğunu, LOR cərrahiyyə üzrə də ixtisas aldığını və 20 ilin həkimi olduğu üçün hər cür əməliyyatlar keçirməyə ixtiyarı olduğunu bildirərək, belə məsələləri qabartmağın yersiz olduğunu bildirib.
Fuad Abdullayev sosial şəbəkə hesablarında iş yeri kimi qeyd etdiyi Lanset Cərrahlıq klinikasına ünvanlandığımız məktuba isə belə cavab verilib: “Fuad Abdullayev hazırda bizim klinikamızda fəaliyyət göstərmir“.

 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə göndərdiyimiz sorğuya hələlik cavab verilməyib.

 

Mövzu ilə bağlı araşdırmalarımız davam edir və yaxın vaxtlarda ixtisası üzrə fəaliyyət göstərməyən daha bir neçə həkimin adını açıqlayacağıq./Xalqxeber.az

Tacxeber.com

Oxşar xəbərlər