• 24 Noyabr 2024 05:58

Ailə üzvünüzdə ağciyər xərçəngi varsa, mütləq FHN-ə xəbər verin! – Vacib XƏBƏRDARLIQ

“Əgər sizdə, ailə üzvünüzdə, yaxınınızda, qonşunuzda və ya tanışınızda ağciyər xərçəngi aşkar edilibsə, mütləq şəkildə Fövqəladə Hallar Nazirliyinə xəbər verin!”

 

Tacxeber.com xəbər verir ki, bu sözləri radioloq Aydın Əliyev deyib. O bildirib ki, buna səbəb radon qazı ola bilər:

 

“Gəlib, yaşadığınız və işlədiyiniz məkanları yoxlasınlar. Çünki, ağciyər xərçənginin yaranmasında bəzən siqaret çəkməkdən daha çox Radon qazının təsiri var. Yaşadığımız və ya işlədiyimiz mühitdə, xüsusən zirzəmilərdə, binalarda, tikinti materiallarının tərkibində uran radioaktiv elementinin parçalanma məhsulu olan radon qazı ola bilər”.

Qeyd edək ki, radon rəngsiz, iysiz radioaktiv qazdır. Suda və orqanizmin piyli toxumasında asanlıqla həll olunur. Xüsusi avadanlıqlar vasitəsilə aşkar olunan radon qazı uranın zaman-zaman başqa radioaktiv elementlərə çevrilməsi nəticəsində yaranır və qaz şəklində olduğu üçün hər yerə yayıla bilir.

 

Radon qazı evlərə yerin altından – bünövrədən sızıb zirzəmilərə dolur və zamanla divardakı çatlar, evə qalxan borular vasitəsilə yayılır. Bu səbədən də evin zirzəmisində və birinci mərtəbəsində radona daha çox təsadüf olunur. Bundan başqa, radon daş, qum və torpaq tərkibli tikinti materialları, yerin alt qatlarından çıxarılan içməli su vasitəsi ilə də məişətə daxil ola bilər. Müxtəlif səbəblərdən evlərdə olan radonun səviyyəsi ildən-ilə, mövsümdən-mövsümə, gündən-günə dəyişir.

Radon suya, toz və dumana qarışaraq qida və nəfəs yolları vasitəsilə insan orqanizminə asanlıqla daxil olur, immun sistemi, qan yaradan hüceyrələri, sümük iliyini, ağ ciyərləri və nəfəs yollarını zədələyir. Bu isə  ağciyər xərçənginə, qan xəstəliklərinə və genetik xəstəliklərə səbəb olur. Radonun siqaret çəkən insanlarada xərçəng xəstəliyi törətmə ehtimalı daha çoxdur.

 

Radondan qorunmağın yolları

Radon təbii qaz olduğundan havalandırma yolu ilə ərazidən kənarlaşdırılır. İçməli sudan isə radonu sönmüş sadə kömür filtrləri ilə təmizləmək olar. Radondan qorunmaq üçün evlər tez-tez havalandırılmalı, zirzəmilərin döşəməsi izolə edilməli, divarlarında xüsusi havalandırma dəlikləri qoyulmalı, birinci mərtəbədə döşəmədəki və divarlardakı çatlar qapanmalıdır. İkinci mərtəbədən aşağıdakı evlərdə radonun səviyyəsi ölçülməlidir. Bunun üçün aidiyyəti qurumlara rəsmi müraciət oluna bilər.

Tacxeber.com

Oxşar xəbərlər