• 25 Noyabr 2024 09:36

Azərbaycanda həbsdə olan 16 jurnalistin adı Avropa Şurası Platformasının hesabatına daxil edilib

 

Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Media Nümayəndələrinin Təhlükəsizliyi Platforması “Avropada mətbuat azadlığı” adlı illik hesabatını yayıb.

 

Avropa Şurasının tərəfdaşları olan beynəlxalq jurnalist təşkilatları tərəfindən hazırlanan hesabat martın 5-də ictimaiyyətə təqdim olunub.

Hesabatda dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanda da jurnalistlərin təqib olunması faktları öz əksini tapıb.

Jurnalistlərin telefonlarına casus proqramlarının (Pegasus) yerləşdirildiyi ölkələr sırasında Azərbaycanın da adı (Fransa, Yunanıstan, Türkiyə, Macarıstan, İspaniya ilə birlikdə) qeyd edilib.

Həmçinin, etiraz aksiyalarını işıqlandıran jurnalistlərə polisin hücumu ilə bağlı 8 hadisə hesabatda yer alıb.

 

Azərbaycanın adı “jurnalistlərin öldürülməsinə görə cəzasızlıq” bölməsinə də daxil edilib. Buna misal olaraq jurnalist Elmar Hüseynov və publisist Rafiq Tağının üstü açılmamış qətlləri nümunə gətirilib.

Hesabatda bildirilib ki, Azərbaycanda jurnalistlər işlərini yerinə yetirərkən qısamüddətli həbslərə məruz qalırlar. Nümunə kimi 2023-cü ilin yayında Gədəbəy rayonunun Söyüdlü kəndində yerli əhalinin etirazlarından sonra ərazidə peşə fəaliyyətini yerinə yetirən jurnalistlərin zorakılıqla üzləşməsi göstərilib. Eyni zamanda polisin əraziyə girişi məhdudlaşdırdığı və jurnalistlərin işinə mane olduğu qeyd edilib.

 

Hesabatda Azərbaycanda jurnalistlərin “işlərinə görə qisas almaq məqsədilə” inzibati həbs hallarına da toxunulub. Bildirilib ki, jurnalistlər Vüqar Məmmədov və Nurlan Qəhrəmanlı (Libre) “qadağan olunmuş məlumatları yaymaq” ittihamı ilə, Vəli Şükürzadə isə “xuliqanlıq” və “polisə müqavimət” ittihamları ilə 30 sutka həbs cəzasına məhkum ediliblər.

Hesabatda “xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə həbs olunan “Abzas Media” jurnalistlərinin işindən də bəhs edilib.

 

Bildirilib ki, “Abzas Media”nın jurnalistləri Ülvi Həsənli, Məhəmməd Kekalov, Sevinc Vaqifqızı, Nərgiz Absalamova ötən ilin noyabrında, Hafiz Babalı dekabrında, Elnarə Qasımova isə bu ilin yanvar ayında saxlanılıblar. Onların hamısı barəsində “xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

Hesabatda Avropa Şurası ölkələrində həbsdə olan 55 jurnalist və bloqerin adlarının yer aldığı siyahıya Azərbaycandan da 16 jurnalistin adı daxil edilib.

 

Siyahıda Elnarə Qasımova (Abzas Media), Hafiz Babalı (Turan agentliyi), Məhəmməd Kekalov (Abzas Media), Nərgiz Absalamova (Abzas Media), Sevinc Vaqifqızı (Abzas Media), Ülvi Həsənli (Abzas Media), Ərşad İbrahimov (dunyaninsesi.az), Aslan Qurbanov (bloqer), Əvəz Zeynallı (Xural TV), Əziz Orucov (Kanal 13), Elnur Şükürov (Səda TV) ), İbrahim Şükürov (azerinfo.az), Osman Nərimanoğlu (demokratik.az), Polad Aslanov (xeberman.com), Rəşad Ramazanov (bloqer), Şamo Eminin (Kanal 11) adları qeyd olunub.

Hesabatda bütün üzv dövlətlər və Avropa Şurasının baş katibi tərəfindən imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq Azərbaycan və Türkiyə “Avropa Şurasının Jurnalistlərin Təhlükəsizliyi Platforması ilə dialoqa qayıtmağa” çağırılıb.

 

Tacxeber.com

Oxşar xəbərlər