• 24 Noyabr 2024 10:50

Zelenskinin həyat yoldaşı Baydenin çıxışına getməkdən imtina etdi

Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya martın 7-də ABŞ Prezidenti Co Baydenin Senat və Nümayəndələr Palatasında illik çıxışına getməkdən imtina edib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Yelena Zelenskayanın Co Baydenin həyat yoldaşı Cil Baydenin və Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnayanın yanında oturacağı planlaşdırılırdı. Qəzetin mənbələrinin qeyd etdiyi kimi, Navalnayanın mümkün iştirakı ukraynalılar arasında diskomforta səbəb olub. Məqalədə aydınlıq gətirildiyi kimi, buna Aleksey Navalnının Krımla bağlı açıqlamaları səbəb olub.

Ağ Ev rəsmisi jurnalistlərə bildirib ki, Zelenskayanın qərarının təqvimlə uyğunsuzluqla bağlı qəbul olunduğu ehtimal edilir. Qeyd olunub ki, qonaqlar üçün oturacaqların təşkili ilə bağlı planlar bu yaxınlarda tamamlanıb.

ABŞ rəsmiləri arasından nəşrin başqa bir mənbəsinə görə, Zelenskayanın dəvətdən imtina etmək qərarı həm də Ukrayna rəhbərliyinin Baydenlə çox yaxın sayılmaq istəməməsi ilə bağlıdır. Çünki Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Kiyevə hərbi yardım göstərməsi məsələsinin siyasiləşdirilməsini istəmir.

Qeyd edək ki, Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bir müddət əvvəl keçirdiyi brifinqdə Baydenin Yuliya Navalnayanı çıxışına dəvət etdiyini, lakin onun iştirak edə bilməyəcəyini söyləmişdi.

Xatırladaq ki, ABŞ-də konstitusiyaya görə, Vaşinqton administrasiyasının rəhbərindən Konqresə ölkənin vəziyyəti ilə bağlı vaxtaşırı məlumat vermək tələb olunur. Bir qayda olaraq, prezidentlər daxili və xarici siyasətlərinin prioritet sahələrini müəyyən etmək üçün belə çıxışlardan istifadə edirlər. Çıxışın əsas hissəsi ənənəvi olaraq iqtisadi vəziyyətə həsr olunur.

Tacxeber.com

Oxşar xəbərlər