• 24 Noyabr 2024 10:45

90 yaşlı Xalq artisti: “Nazirlik müraciətimə nə vaxt baxacaq? Mən öləndən sonra?!”

Bu gün Xalq artisti Ceyran Haşımovanın 90 yaşı tamam olur. 1964-cü ildə “Lalə” qızlar ansamblını yaradan Ceyran Haşımova ömrünün 50 ilini Azərbaycan mədəniyyətinin təbliğinə həsr edib. Amma o, bu gün Mədəniyyət Nazirliyinin fəaliyyətindən narazıdır.

 

Ceyran Haşımova 90 illik yubileyi ilə əlaqədar Yenisabah.az-a açıqlama verib. O, səhhətində müəyyən problemlərin olduğunu bildirib:

 

“Hazırda bir az xəstəyəm. Yubileyimlə bağlı, sağ olsunlar, kanallar dəvət etmişdilər, amma təəssüf ki, səhhətimə görə gedə bilmədim. O vaxtlar da bizi hər 8 martda telekanallara dəvət edirdilər. Bu gün həm mənim ad günüm, həm 8 Mart qadınlar günü, həm də “Lalə” qızlar ansamblının yaranma günüdür. Əvvəllər Mədəniyyət Nazirliyindən də hər doğum günümdə mütəmadi təbriklər gəlirdi, amma təəssüf ki, indi onlar yoxdur. Mən Xalq artistiyəm, Prezident təqaüdçüsüyəm və hal-hazırda “Şöhrət” ordeni almalıyam, lakin ala bilmirəm. Çünki Mədəniyyət Nazirliyi bu işlə məşğul olmur. Mədəniyyət Nazirliyinin yadından çıxıb ki, mənim kimi bir sənətkarın 90 yaşı tamam olur”.

 

Xalq artisti nazirliyin ona biganə yanaşmasından gileylənib.

 

“Mənimlə yaşıd olan 2-3 sənətkar qalıb. Azərbaycanda yeganə qızlar ansamblını mən yaratmışam. Mənim tələbələrim arasında çoxlu sayıda müğənnilər, xalq artistləri və əməkdar artistlər var. Mən bununla qürur duyuram. Ancaq Mədəniyyət Nazirliyi məni unudub. Nazirliyə dəfələrlə məktublar yazsam da, yalnız son dəfə yazdığım məktuba cavab gəldi. Yazmışdılar ki, baxılacaq. Bəs nə vaxt baxılacaq? Mən dünyamı dəyişdikdən sonra?”

Tacxeber.com

Oxşar xəbərlər