Bu qidaları yeyənlər gözəl qoxur, daha gənc və cazibədar görünürlər
Yeni araşdırmalar karbohidratların insanları “daha az cəlbedici” göstərdiyini üzə çıxarıb.
Bununla belə, əslində görünüşü yaxşılaşdıran, dərinin keyfiyyətini artıran, hətta dərinin qoxusunu belə gözəlləşdirərək insana xüsusi cəzabədarlıq qazandıran qidalar da müəyyən edilib.
Məlum olub ki, tərkibi karotenoidlərlə zəngin qidalar insanı gəncləşdirir və gözəlləşdirir. Bir çox meyvə və tərəvəzə canlı rəng tonunu verən karotenoidlər insanın dəri tonunu gözəlləşdirir, dərisini və saçlarını parlaqlaşdırır. Karotenoidlər dəriyə xüsusi qızılı ton verir və 6 həftəlik müntəzəm istehlakdan sonra insanları daha cəlbedici edir.
“Bəzi tədqiqatlar göstərir ki, karotenoidlər dərinizin elastikliyini, nəmini, toxumasını, qırışları və yaş ləkələrini yaxşılaşdırmaqda kömək edə bilər”, – dietoloq Makkenzi Börqess deyib.
İllinoys Universitetinin əldə etdiyi nəticələrə görə, gözəllik verən meyvə və tərəvəzlərə şirin kartof, yerkökü, balqabaq, eyni zamanda da ispanaq və kələm kimi yaşıl yarpaqlı göyərtilər daxildir. Həmçinin portağal, bibər, qarğıdalı, qulançar, pomidor və pomidor məhsulları, qarpız, qreypfrut da bu qəbildən olan meyvə-tərəvəzlərdir. Universitet yumurta sarısının və püstənin də gözəlləşdirici effektə malik olduğunu açıqlayıb.
Bildirilib ki, sizi günəşin yaydığı zərərli ultrabənövşəyi şüalardan qoruyan karotenoidlər hətta bədən qoxusunu yaxşılaşdıra və daha xoş qoxu verə bilər. Karotenoidlərlə zəngin bir pəhrizə əməl edənlərin təri daha yaxşı qoxuyur.
“Bəzi antioksidantlar və qida maddələri bədəndəki qoxuya səbəb olan birləşməni zərərsizləşdirməyə kömək edərək pis tər qoxusunun qarşısını alır” – dietoloq Makkenzi Börqess vurğulayıb.
Sağlam yağlarda bol olan başqa bir gözəlləşdirici tərkib isə dərinin elastikliyini artırmaq, həmçinin əzələlərin, dərinin, dırnaqların və saçların bərpasında istifadə olunan kollagendir. Harvardın TH Chan İctimai Sağlamlıq Məktəbinə görə kollagen qırmızı ət və sümük bulyonunda daha çoxdur. Kollagen, həmçinin duzlu su balıqlarının sümüklərində və dərisində də çox olur.
Börqess oxşar məqsədlər üçün zəngin miqdarda Omega3 yağ turşuları ehtiva edən qızılbalıq və ya kətan toxumu kimi qidaları yeməyi tövsiyə edir:
“Omeqa-3 nəmi tutaraq dərinin lipid baryerini dəstəkləməyə kömək edir və onun antiinflamatuar təsiri dəri xoralarının və sızanaqların şiddətini azaldır”.
Tədqiqat müəllifləri karotenoidlərin “qidalanma rejimində motivasiya vasitəsi kimi istifadə edilə biləcəyini” də iddia ediblər.
Meyvə və tərəvəzlərdə antioksidant kimi tanınan “fitonutrient”lərin isə əhval-ruhiyyəni və idrak funksiyasını yaxşılaşdırmaqla əlaqəli olduğu qeyd edilib. (Medicina.az)