• 23 Noyabr 2024 18:07

“Sansiya-sanksiya gözləntilərinə qapanıb dəyişiylik xəyalları quran sadəlöv çövrə ayılsın”.

 

Real Partiyasının sədri İlqar Məmmədovun son həbslərlə bağlı verdiyi reaksiya birmənalı qarşılanmayıb. Onu olduğu kimi təqdim edirik:

 

– Bir-iki dəfə xarici çevrələrin xoş münasibətini hiss edib özünü heç mövcud olmayan Dünya Demokratik İnqilabının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri sanıb real siyasi təcrübələri rədd edən şəxslər sözlərimi nəhayət eşitsə bəlkə hamıya faydalı olar.

Son həbslər milyardıncı dəfə sübut etdi ki, nə Qərbin, nə Şərqin, nə Şimalın, nə də Cənubun hər hansı “dərin narahatlığı” Azərbaycanda azadlığın, sərbəstliyin, insan haqlarının sahəsini genişləndirə bilməz. Bu sırf daxili milli işdir və bunu millət olaraq, iqtidarlı-müxalifətli ya bacaracağıq ya da yox.

“Sanksiya-sanksiya” gözləntilərinə qapanıb dəyişiklik xəyalları quran sadəlövh çevrə artıq ayılsın. Bu gözləntiləri onlara yedirdib 30 ildir müntəzəm şəkildə tutduran jurnalist və siyasətçiləri vicdanlı olmağa səsləsinlər.

 

Azadlıq, demokratiya, insan haqları çox dəyərli nemət olduğuna görə heç bir dövlət bunları Azərbaycan xalqına həddiyyə etməyəcək. Bu nemətlərə nail olan dövlətlər bizə səmimi deyə bilər və deyir də ki, “məsləhətliddir, siz də əldə edib faydalanın”. Amma havayı, sanksiya gücünə kimsə sizin, mənim, onun, başqasının – hər hansı Azərbaycanlının haqlarını “beynəlxalq həmrəylik” göstərib təmin etməyəcək.

Mövcud olan yeganə və çox zəif beynəlxalq mexanizm də – Avropa Konvensiyası – bizi avtomatik müdafiə eləmir, gərək nətərsə lap pis dirənəsən ki, bəlkə müdafiə etdi. Məndə bu 6 il apardı.

Yekun olaraq məlum fikri təkrarlayım: insanlar öz haqlarını təslim edib təhlükəsiz yaşamaq istəyəcəksə, nəticədə onların nə haqqı olacaq, nə də təhlükəsizliyi. Bu beynəlxalq-filan seçim deyil, hər xalqın özünün etdiyi seçimdir. Səsverməyə gəlin, səsiniz oğurlansa onu hamılıqla müdafiə edək. Bəli, lap bu qədər bəsitdir hər şey.

 

Tacxeber.com

Oxşar xəbərlər