• 24 Noyabr 2024 12:30

Gürcüstan müxalifətinin iki əsas lideri birləşir

Gürcüstanın ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın (VMH) sabiq sədri Nika Melia ilə müxalifyönümlü “Mtavari Arxi” telekanalının təsisçisi Nika Qvaramia siyasi ittifaq yaradırlar.

 

Tacxeber.com xəbər verir ki, müvafiq qərar sabah elan ediləcək.

 

Onların siyasi komandalarının sabah Tbilisidəki hotellərdən birində görüşərək yekun qərarı elan edəcəkləri bildirilib.

 

Nika Melia 2023-cü ilin yanvarında sabiq Prezident Mixeil Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” partiyasının sədrliyindən uzaqlaşdırılıb.

 

Partiya daxilində elektron qaydada keçirilən səsvermədə Levan Xabeişviliyə məğlub olan Melia tərəfdarları ilə birlikdə VMH-dən uzaqlaşıb.

 

Əvvəllər həbsdə olan sabiq Prezident Mixeil Saakaşvilinin vəkili kimi çıxış etmiş Nika Qvaramia isə 2022-ci ilin mayında “Rustavi 2” işi üzrə həbs edilib. 2023 ilin iyununda Salome Zurabişvilinin əfv sərəncamı ilə azadlığa çıxan Qvaramia “Mtavari Arxi” telekanalının rəhbərliyindən istefa verərək siyasi fəaliyyətə başlayıb.

 

Hər iki lider hökumət əleyhinə, həmçinin Rusiya əleyhinə çıxışları ilə tanınır. Xatırladaq ki, bu ilin oktyabrında Gürcüstanda parlament seçkiləri keçiriləcək.//Apa

Tacxeber.com

Oxşar xəbərlər