Türk seriallarına tələbat 184% artıb – Dəbdəbəli geyimlər, yaraşıqlı aktyorlar…
Bu barədə “Economist” nəşrində dərc edilən məqalədə bildirilir.
Məlumata görə, ilk iki yerdə ABŞ və Britaniyadır. “Parrot Analytics” məlumat firmasının təqdim etdiyi hesabata görə, 2020-2023-cü illər arasında türk seriallarına qlobal tələbat 184% artıb. Müqayisə üçün qeyd olunur ki, dünyada son dövrlərdə trend olan Koreya dramlarına qlobal tələbat 73% artıb.
Nəşr yazır ki, ilk dəfə 2011-ci ildə yayımlanan və Qanuni Sultan Süleymanın həyatından bəhs edən “Möhtəşəm Yüz il” ekran əsəri Türkiyənin qloballaşan seriallarının ilk dalğası hesab edilir. Sözügedən serialın pərəstişkarları arasında məşhur amerikalı reper “Kardi B” də var. Məqalədə deyilir ki, son vaxtlar məşhurlaşan türk serialları arasında “Qəddar” (Gaddar) da var. Film müharibədən qayıdan və ailəsini qorumaq üçün qatil olmağa məcbur olan əsgərdən bəhs edir.
Türk serialları sadəcə Yaxın Şərqdə deyil, həmçinin Avropa və Latın Amerikasında da məşhurdur. Ötən il yeni türk seriallarının üç ən böyük idxalçıları İspaniya, Səudiyyə Ərəbistanı və Misir olub. İstanbul Ticarət Palatası 2022-ci ildə Türkiyənin televiziya məhsullarının ixracından 600 milyon dollar qazandığını təxmin edir. Bəzi analitiklər satışların tezliklə milyardlar dollar olacağını proqnozlaşdırırlar.
Bəs türk seriallarını məşhurlaşdıran səbəblər nələrdir?
Məqalədə deyilir ki, seriallar olduqca sadədir, qlamur mənzərələr, dəbdəbəli geyimlər və yaraşıqlı aktyorlar var. Əksər seriallarin mövzusu sevgidir, nadir hallarda elmi fantastik seriallar çəkilir. 2023-cü ildə bir-birinə aşiq olan rəqib hüquqşünaslardan bəhs edən “Yargı” serialı ən yaxşı telenovela nominasiyasında beynəlxalq “Emmy” mükafatına layiq görülüb.
Ərəb tamaşaçılar türk seriallarında müsəlmanları “Hollivud” filmlərində olduğu kimi terrorçu və ya taksi sürücüsü kimi deyil, qəhrəman kimi göstərməsini yüksək qiymətləndirirlər. Eyni zamanda Türkiyə mediasına nəzarət edən qurumlar seriallarda spirtli içki şüşələrini bulanıqlaşdırır, seks səhnələrini qadağan edir və öpüşən personajlara görə cərimələr yazır.
“Glance” televiziya firmasınin məlumatına görə, 2023-cü ilin ilk yarısında İspaniyada ən populyar üç serial türkcə olub. (Modern)