Hansı kripto pulları almaq daha faydalıdır? – Mütəxəssis
Son zamanlar kriptovalyutaların bahalaşması bir çox insanları bu istiqamətdə cəlb etməyə başlayıb. Bir çox şəxslər kriptovalyutaya yatırım edəcəklərini qeyd edirlər. Mart ayı üçün kriptovalyuta bazarından gözləntilər nələrdir? İnsanlar daha çox hansı kripto pullara yatırım etməlidirlər?
Bu barədə Valyuta.az-a danışan investisiya üzrə mütəxəssis Rövşən Hüseynov bildirir ki, son zamanlarda kriptovalyutaların bahalaşması normal haldır, çünki “buğa sezonu” başlayıb. “Buğa sezonu” bütün birjalarda standart formada 4 ildən bir başlayır. Onun fikrincə, mart ayında da kriptovalyuta bazarında yüksəlişlər olacaq.
Mütəxəssis insanların kriptovalyutalara yatırım etməli olduğunu vurğulayarkən bəzi nüanslara da toxunub:
“Kriptolara yatırım etmək lazımdır, amma kiminsə məsləhəti ilə deyil, öz araşdırmaları ilə yatırım etməlidirlər. Hansı kriptolara yatırım edəcəklərini bilməli, analiz etmə qabiliyyətləri olmalı, texniki analiz etməli və bütün bunlardan sonra yatırım etməlidirlər. Yoxsa, kiminsə məsləhəti ilə gedib hər hansı bir kriptovalyuta almaq düzgün strategiya deyil. Əgər araşdırmadan yatırım ediləcəksə, yatırım şirktələrindən istifadə etmək daha faydalı olar”.
Bu ilin sonuna hətta gələn ilin ortalarına qədər kriptovalyutalar bahalaşa biləcəyini qeyd edən mütəxəssis bunu bazara daxil olan böyük pullar ilə əlaqələndirir:
“Bazara çox böyük pullar daxil olur. Amma insanlar buna aldanıb bütün pullarını yatırım etməməlidirlər. Ayda, həftədə, gündə müəyyən məbləğdə alış etməlidirlər. Bütün pulları ilə yatırım edən insanlar məbləğ düşən kimi satış edirlər. Çünki, insanlar yatırım psixologiyasına sahib deyirlər. Aylıq araşdırma edərək yatırım etmək çox faydalı olar”.