“İkinci arvad alarkən mütləq birinci ilə məsləhətləşmə aparılmalıdır” – İLAHİYYATÇI
Son zamanlar evli kişilərlə dini nikah bağlayan qızların sayı artır. Bir çoxları belə düşünür ki, əgər arada dini nikah varsa, evli kişiylə münasibət qurmaq günah hesab olunmur. İslam dinində kişinin çoxevliliyinə bir sıra şərtlər əsasında icazə verilir.
Maraqlıdır, bəs şəriətdə evli kişinin birinci həyat yoldaşının xəbəri olmadan, başqa bir qadınla dini nikah bağlamasına icazə varmı?
İlahiyyatçı Tural İrfan Bizim.Media-ya bildirib ki, İslam dinində bütün hökmlər, ailə – məişət məsələri də daxil olmaqla mütləq bir səbəbə, hikmətə, bəzən də zərurətə əsaslanır:
“Doğrudur dinimizdə təkrar evlənməyə icazə var. Ancaq bu da həvayi – nəfsə, kefə bağlı məsələ deyil. Ədalətə, normal münasibətlərə, razılığa riayət edərək problemlərə səbəb olmadan, təkrar evlənməyə sosial səbəb olmalıdır. Peyğəmbərin həyatında da bu cür olub. İlahiyyatçının sözlərinə görə kişi təkrar evlənirsə, həyat yoldaşının məlumatı, razılığı olmalıdır:
“Ancaq bu, şəriətə əsaslanır. Qanunlarımıza görə isə ölkəmizdə yalnız bir qadınla rəsmi nikaha icazə var. Başqa bir sıra müsəlman ölkələrində təkrar rəsmi nikaha icazə var. Azərbaycanda da ilk həyat yoldaşının müəyyən problem ucbatından övladı olmadığına görə, onunla boşanmadan və razılığı ilə təkrar evlənib uşaq sahibi olan çoxsaylı insanlar tanıyıram. Ancaq evli kişilərlə gənc qızların evlənməsi şəriətə müxalif olmasa da, əgər cəmiyyətdə ikrah yaradırsa, adət – ənənələrimizə də ziddirsə, doğru deyil. Baxmaq lazımdır ki, bu kimi evliliklər nə üçün baş verir, səbəb nədir?
Bəlkə də gənclərin evlənməyə imkanı yoxdur, sosial problemlər içində çabalayırlar və buna görə də müəyyən qızlar evli, imkanlı şəxslərin ikinci arvadı olmağını daha üstün tuturlar. Başqa nə səbəb ola bilər ki? Bir şeyin əsl səbəbini, mahiyyətini bilmədən onu tənqid yaxud təqdir etmək obyektiv olmaz. Ona görə, öncə bunun əsl səbəbini araşdırmaq vacibdir”.
T.İrfanın sözlərinə görə, gənclər arasında narkomaniya, tibbi problemlər, sosial vəziyyətin ağırlığı, müxtəlif xəstəliklər həddən çox artıb:
“İşsizlik isə gənclərin evlənməsində əsas problemdir. Varlı, imkanlı, vəzifəli məmurlar ikinci dəfə cavan qızlarla evlənməyi dəbə salıb. Bəziləri də həccə gedib sonra da sponsorluq etdikləri müğənnilərlə ikinci, yaxud üçüncü dəfə evlənirlər.
Lakin hər bir halda ikinci arvad alarkən mütləq birinci ilə məsləhətləşmələr aparılmalıdır. Əgər buna zərurət varsa, ilk arvad da etiraz etmirsə, maddi vəziyyəti, ikisi arasındakı ədaləti, sosial keçimi də nəzərə alaraq icra oluna bilər. Adam var ki, həyat yoldaşı ağır və sağalmaz xəstəliyə düçar olub, özü məsləhət görüb ki, əri evlənsin.