• 26 Noyabr 2024 01:37

“Putindən sonra yeni “Putin” olmamalıdır” – Bill Brauder onu “əsl təhlükə” adlandırdı

Məşhur maliyyəçi, “Hermitage Capital” investisiya fondunun rəhbəri Bill Brauder Rusiyanın dövlət başçısını “dünyaya əsl təhlükə” adlandırıb.

 

Tacxeber.com xarici mediaya istinadən xəbər verir ki, Rusiyaya qarşı “Maqnitski Aktı”nın qəbul edilməsinə nail olmuş Brauder “Nastoyaşee vremya” portalına müsahibə verib.

 

Onun sözlərinə görə, 2005-ci ildən başlayaraq dünya siyasətçilərini və işgüzar dairələrin tanınmış şəxsiyyətlərini buna inandırmağa çalışırdı. “Uzun illər insanlar məni, ümumiyyətlə, dinləmək istəmirdilər. Əslində hörmətli cəmiyyətdən qovuldum. İnsanlar elə bilirdilər ki, problem məndədir, Putində yox. Sonra məlum oldu ki, o vaxt Putin çox dəhşətli işlər görüb: Gürcüstana təcavüz edib, Krımı ilhaq edib, Suriyanı fasiləsiz olaraq bombalayıb. Bütün bunlardan sonra insanlar qərara gəldilər ki, eskalasiya istəmirlər, bu məsələdə fəal iştirak etmək istəmirlər. Onlar elə bilirdilər ki, Putinlə nə cürsə anlaşa bilərlər. Düşünürdülər ki, Rusiya ilə münasibətləri yenidən bərpa etmək olar. Yalnız Ukraynaya genişmiqyaslı təcavüzdən sonra hamı, nəhayət, ayıldı və dedi ki, ilahi, bu oğlan təhlükəlidir”.

 

Onun sözlərinə görə, hazırkı mərhələdə dünya liderləri arasında Putinin tərəfdarlarının sayı çox deyil. “Bir neçəsi var. Bu, Macarıstanın Baş naziri Viktor Orban, Slovakiyanın Baş naziri Robert Fitso, ABŞ-nin eks-prezidenti Donald Trampdır. Düşünürəm ki, artıq dünyanın əksəriyyəti Putinin həqiqətən şər qüvvə olduğunu anlayıb. Ona nəzarət edilməsə, dünyaya ağlasığmaz ziyan vuracaq”.

 

“İyirmi ildir ki, Qərbdəki demokratik cəmiyyətinin liderləri onu təhlükə hesab etmirdilər və gördüyü işlərlə bağlı təfərrüatlara varmamağa üstünlük verirdilər?” sualına Bill Brauder belə cavab verib: “Tamamilə doğrudur. Bu, Putinə yarınmaq siyasəti idi. Niyə? Qismən ona görə ki, məsələn, Londonda rus pulunu, Almaniyada isə rus qazını sevirdilər. Dünyanın bir çox yerində onlar, sadəcə, problemi görmək istəmirdilər”.

 

O, buna misal olaraq Ukraynaya məxsus Krımın və Donbasın işğalı zamanı Qərb liderlərinin davranışını göstərib.

 

“Qərbdə kimsə Rusiyanın dəstəklədiyi separatçılardan danışanda deyirdi ki, bu, Ukraynanın şərqində hansısa vətəndaş müharibəsidir, Rusiyanın işğalı deyil. Əslində Ukrayna ilə hazırkı müharibə 2022-ci ilin fevralında başlamadı. 2014-cü ildən həmin müharibə başlayıb. Lakin Qərb baş verənlərə çox gec reaksiya Verdi və nəticədə Putin gücləndi”.

 

Bununla belə, fond rəhbəri hesab edir ki, baş verənlərə görə Qərb liderləri tam məsuliyyət daşımırlar.

 

“Qərbin son 20 ildə baş verənlərə görə məsuliyyət daşıdığını düşünmürəm. Törətdiyi bütün dəhşətlərə görə 95 faiz Putin cavabdehlik daşıyır. Lakin Qərb müqavimət göstərmədi. Qərb ona “yaşıl işıq” yandırdı və bu, Putin üçün heç bir müqavimətlə qarşılaşmayacağı mənasını daşıyırdı. Ona görə də biz Qərb olaraq müəyyən məsuliyyət daşıyırıq. Bizim 5 faiz məsuliyyətimiz var, 95 faiz onun üzərindədir. O, qatildir və bütün bu dəhşətli işləri həyata keçirir”.

 

“Vladimir Putinin Rusiyada bu qədər uzun müddət hakimiyyətdə qalmasının səbəbi nədir?” sualına fond rəhbəri belə cavab verib: “Rusiya həmişə institutları olmayan ölkə olub. Orada qanun-qayda yoxdur, mülkiyyət hüququ yoxdur. Rusiya tarixən güclü insanların güclü əlləri ilə idarə edilən ölkədir. Putindən əvvəlki dövr də paradoks, anomaliya idi. Yeltsin Rusiyanın tarixində böyük sürpriz oldu. Lakin bütün yuxarıda deyilənlər o demək deyil ki, əgər ölkəyə qatil deyil, ləyaqətli, korrupsioner olmayan şəxs rəhbərlik edərsə, Rusiya uğursuzluğa məhkumdur. Rusiya heç vaxt Putinin dövründə azad və normal ölkəyə çevrilməyəcək Ümid edirəm ki, Putindən sonra yeni bir “Putin” olmayacaq”.

Tacxeber.com

Oxşar xəbərlər