• 25 Noyabr 2024 02:32

“Vəhşi kişi” xoşladığını deyən qadınların böyük əksəriyyəti müsbət mənada “yırtıcı” tipli olurlar”

“İbtidai icma quruluşu zamanı kişinin əsas vəzifələri evi qorumaq, tonqal qalamaq, ailəsinin təhlüləsizliyini təmin etmək, heyvan ovlamaq və onu doğramaq idi”. Bu sözləri məşhur psixoloq Əfsanə Rüstəmova Cebhe.info-ya açıqlamasında deyib.

 

O bildirib ki, ataerkil (patriyarka) toplumlarda bu funksiyalar müəyyən qədər dəyişib, amma yenə də davam edir:

 

“Müasir dövrdə “avropalaşan” mədəniyyətlər kişini “vəhşi” obrazından çıxarır və maskulan hala salır.

 

Artıq bəzi kişilər qaşını alır, manikürə, pedikürə gedir, saç diblərini boyayır və üz təraşında xüsusi baxım vasitələrindən istifadə edirlər. Burada əsas məsələ kişinin baxımlı olub-olmaması demək deyil. Məsələ öz baxımına zaman ayıran kişinin “vəhşi” olmağa daha az zamanı qalır. Bu da kişinin öz təbiətini də qismən dəyişməsinə gətirib çıxarır. Amma yeganə problem bu da deyil”.

 

Onun sözlərinə görə, bəzi qadınlar da “kişiləşməyə” başlayıb:

 

“Belə ki, qadın işlədi və nəticədə kişi ilə eyni iş saatlarını bölüşdü. Həmçinin, qadın funksional olaraq cəmiyyətdə “kişi kimi” görünməyə və hadisələrə reaksiya verməyə başladı. Lakin qadınların gücü dəyişdiyi üçün kişilər daha passiv görməyə başladılar. Əslində məsələ sadəcə kişinin dəyişməyi deyil.

 

Məsələ kişi dəyişdiyi zaman qadının da gücünün dəyişməsidir. Yəni qadınla kişi arasındakı fərq artmağa başlayıb. Bundan başqa, müəyyən maddiyyata və rifaha çatan bəzi qadınlar da maddi vəsaitləri hesabına kişi təmin edirlər. Məhz “Alfons” adlandırılan kişilər də belə ortaya çıxır”.

 

Psixoloq onu da diqqətə çatdırıb ki, qadın hansı gücə sahib olmasından asılı olmayaraq, yaradılış olaraq kişinin güc hissinə ehtiyac duyur:

 

“Ümumiyyətlə, qadının özünü bu qədər inkişaf etdirməsinin səbəbi də kişiyə möhtac olmadan gücü özündə tapmaqdır. Lakin bu, yaradılışa ziddir. Qadınlar bunu başa düşəndə artıq özlərindən daha güclü kişini tapmaqda çox çətinlik çəkdilər. Qadınlar bir növ əvvəlki kimi masaya yumruq vuran, qaşı qalxanda evdə iqtidar sahibinin olduğu bilinən və öndə dayanan kişi olmaq arzusundadır. Amma bir çox kişi artıq elə deyil. Ona görə də qadınlar yenidən kişidə o xüsusiyyətləri yaratmağa çalışırlar.

 

Fikrimcə, qadınlar özlərini dəyişərək kişilərin gücünü bərpa edə bilərlər. Yəni qadın əvvəlki təyinatına qayıtmalıdır ki, kişinin də gücü yenidən ortaya çıxsın. Çünki qadının gücü artdığı üçün kişi passiv görünür. Hazırda bu və buna bənzər kifayət qədər problemlər var”.

 

Əfsanə Rüstəmova zaman-zaman bəzi qadınların “vəhşi kişi” xoşladıqlarını deməsini də belə izah edib:

 

“Əslində, “vəhşi kişi” xoşladığını deyən qadınların böyük əksəriyyəti müsbət mənada “yırtıcı” tipli olurlar. Amma onlar güc qazanandan sonra başa düşdülər ki, məsələ güc deyil.

 

Nəzərə almaq lazımdır ki, hər bir qadının kişiyə ehtiyacı var. Qadınların “güclü kişi”, “vəhşi kişi” istədiyini deməsi səbəbi onların qarşı cinsdən gözləntisinin kişi obrazının əvvəlki halıdır. Hazırkı dövrdə isə sanki hər şey yarı-yarıyadır. Bəlkə də maddi, fiziki və psixoloji kimi bir çox işlərin 60-70 faizi qadın tərəfindən icra olunur. Üstəlik, insanların gec evlənməsinin və erkən boşanmaların səbəblərinin kökü də budur.

 

Ümumiyyətlə, qadınlar onları döyən kişi istəmirlər. Onlar qayğılarının hamısını çəkən kişi istəyirlər. Məsələn, qadınlar kirayənin hamısının kişilər tərəfindən ödənilməsini istəyərlər. Lakin onlar ifadəni belə qurmadığı və quranda bir az aciz kimi baxılacağı üçün özlərini bu cür “aqressiv” ifadə etməyə çalışırlar. Düşünürəm ki, kişinin funksiyasını dəyişdirməməyə çalışmalıyıq. Qadın öz funksiyasını başa düşüb “obraz”ına geri qayıtsa, kişinin gücü nisbətən üzə çıxmağa başlayacaq”.

Tacxeber.com

Oxşar xəbərlər