Azərbaycanın təklifi ilə Avronest PA-da “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi məruzədən çıxarıldı
Avronest Parlament Assambleyasının (PA) Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin hazırladığı məruzədə “Dondurulmuş Dağlıq Qarabağ münaqişəsi” ifadəsi çıxarılıb.
Tacxeber.com xəbər verir ki, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyasında komitələrin məruzələri dinlənilib və növbəti məruzələrin mövzuları müəyyən edilib.
Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin hazırladığı məruzədə regional təhlükəsizlik məsələləri öz əksini tapıb. Azərbaycan nümayəndə heyətinin təklif etdiyi və səs çoxluğu ilə qəbul edilən dəyişikliklər nəticəsində məruzədən “dondurulmuş Dağlıq Qarabağ münaqişəsi”, “Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən edilməsində Alma-Ata deklarasiyasına istinad etmə”, “sülh danışıqlarının yalnız Brüsselin vasitəçiliyi ilə aparılması” kimi ifadələr çıxarılıb.
Əvəzində isə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prossesinə hər kəsin dəstək verməli olduğu, bu prossesin beynəlxalq hüquq normalarına uyğun aparılması məruzədə öz əksini tapıb.