“Zaporojye AES kollaps həddindədir” – MAQATE
“Müharibənin iki ili ərzində stansiya səkkiz dəfə elektriksiz qalıb, hazırda yeddi nüvə və fiziki təhlükəsizlik protokolundan altısı pozulub…”
“Stansiyada yaxınlıqda yerləşən şəhər və qəsəbələrdən atom stansiyasından anlayışı olmayan personal yığılıb…”
MAQATE Zaporojye Atom Elektrik Stansiyasının Ukraynanın nəzarətinə qaytarılmasını tələb edir
Zaporojye AES-in təhlükəsizlik sistemləri o qədəd deqradasiya olunub ki, hətta işlək olmayan vəziyyətdə belə təhlükəli ola bilər.
Bu barədə Almaniyanın “Deutsche Welle” teleradioşirkəti məlumat yayıb.
MAQATE-nin baş direktoru Rafael Qrossinin sözlərinə görə, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxiləsindən keçən müddət ərzində stansiya səkkiz dəfə elektriksiz qalıb, hal-hazırda MAQATE-nin yeddi nüvə və fiziki təhlükəsizlik protokolundan altısı tam və ya qismən pozulub.
Bundan başqa, Qrossi qeyd edib ki, stansiya “kadr təminatı, yoxlama və kritik vacib təhlükəsizlik sisteminə xidmət göstərilməsi, habelə tədarüklər zəncirinin logistikasının etibarlılığı ilə bağlı problemlərlə üzləşməkdə davam edir”.
Ukraynanın “Enerqoatom” dövlət şirkətinin prezidenti Pyotr Kotinin deməsinə görə, Rusiyanın “Rosatom” şirkəti ilə müqavilə bağlamayan 300-dən çox işçi stansiyaya girişdən məhrum edilib.
O, əlavə edib ki, müharibədən öncə Zaporojye AES-in istilik blokları modernləşdirilib və Rusiya analoqlarından xeyli dərəcədə fərqlənir. Ona görə də onlara xidmət göstərilməsi üçün ixtisaslaşmış adamlar lazımdır.