Birlik sədri: Metsamor AES dəhşətli faciədən xəbər verir, fəaliyyətinə xitam verilməsinə nail olmalıyıq
Biz dəfələrlə Metsamor Atom Elektrik Stansiyası (AES) ilə bağlı, onun istismar müddətinin başa çatması ilə bağlı, eləcə də artıq yararsız bir vəziyyətdə olması ilə bağlı müxtəlif təşkilatlara, beynəlxalq qurumlara müraciətlər etmişik, tədbirlərdə bununla bağlı fikirlər səsləndirmişik…
Bunu APA-ya açıqlamasında “Azərbaycan Respublikası Çernobl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin Nüvə Enerjisi Sammitinin rəhbərliyinə ünvanladığı açıq məktubu şərh edərkən deyib.
Birlik sədri Çernobl AES-də baş vermiş qəzaya toxunaraq bildirib ki, sözügedən qəzanın nəticələrini aradan qaldırmaq üçün 600 min insan müxtəlif işlərə cəlb edilmişdi.
“Qəza 26 apreldə baş versə də, konkret olaraq, 30 noyabrda onun fəsadlarının arada qaldırılması işi yekunlaşmışdı. Amma bu o demək deyil ki, artıq orada bütün problemlər həllini tapıb. Xeyr. Təbii ki, böyük bir ərazi xarabazara çevrildi. Və neçə yüz min insanın bu qəza nəticəsində sonrakı həyatları necə oldu, hansı əziyyətləri çəkdilər, hansı xəstəliklər yayıldı, bunların hamısı bilinən məsələlərdir. Hətta bu da məlumdur ki, qəzadan əziyyət çəkən adamların bir sonrakı nəsli də müxtəlif xəstəliklərlə, müxtəlif əziyyətlərlə üz-üzə qaldı. Bu problem bu gün də davam edir”.
Mirhəsən Həsənovun sözlərinə görə Çernobl faciəsindən sonra Metsamor və digər bu tipli AES-lərin fəaliyyətini dayandırması məsələsi həllini tapmalı idi.
“O vaxt Çernobl AES-də baş verən qəzadan sonra Metsamor AES-in 3 və 4-cü blokların tikintisi dayandırıldı. Hətta mən deyərdim ki, 1983-cü ildə tikinti, əslində, başlamışdı, amma 1986-cı il qəzasından sonra işlər yarımçıq saxlanıldı. Bu artıq konkret fikir ortaya qoymağa əsas verir ki, Metsamor AES-in yararsız vəziyyətdə olması, orada müasir texniki parametrlərə heç bir halda cavab verilməməsindən sonra 3 və 4-cü blokların tikintisinə xitam verilib. Lakin bu onlar üçün yetərli olmadı. Davamlı şəkildə 1 və 2-ci blokların istismarı həyata keçirildi və 1988-ci ildə Spitakda baş verən zəlzələdən sonra 1989-cu ilin elə ilk aylarında Metsamor AES-in fəaliyyəti tamamilə dayandırıldı”.
Azərbaycan vətəndaş cəmiyyəti təmsilçisi Metsamor AES-in seysmik baxımdan aktiv zonada inşa edildiyinə diqqət çəkib:
“Orada hər an ciddi dağıntılar baş verə bilər. Bu dağıntıların nəticəsində nələrin baş verəcəyini təxmin etmək elə də çətin deyil. Əlbəttə, 1989-cu ildə fəaliyyəti dayandırılan Metsamor AES-in 1995-ci ildə yenidən istismara verilməsi, yenidən işlək vəziyyətə gətirilməsi məhz Ermənistan hakimiyyəti tərəfindən təmin edilib. Bir neçə ildən sonra isə Metsamor AES-in iki blokundan birinin – 1-ci blokun fəaliyyəti dayandırıldı. Yəni artıq həmin blokun istismar edilməsi heç bir halda mümkün deyildi. Hazırda isə 2-ci blokun istismarı həyata keçirilməkdədir. Bu isə, aydın məsələdir ki, yararsız vəziyyətdə olan AES-in istismara verilməsi deməkdir. Hansı ki bu hal çox böyük təhlükə mənbəyidir. Buna görə də biz ciddi formada lazımi tədbirlərin həyata keçirilməsinin zəruri hesab edirik”.