Ay bədbəxtlər… – Elxan Məmmədovun qəhqəhəsi
Aprelin 2-də AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçiriləcək. Bu gün həm AFFA prezidenti, həm də İcraiyyə Komitəsi üzvlüyünə namizədlərin adları açıqlanıb. Qurumun rəhbəri Rövşən Nəcəf olacaq. O, yeganə namizəddir. Açığı, xeyli əvvəldən də məhz onun AFFA prezidenti olacağı məlum idi.
Çox gülünc mənzərədir, elədirmi… “Neftçi” kimi köklü klubu məişət təfəkkürü ilə idarə edən, bərbad kadr siyasəti yürüdən, uğursuz fəaliyyət göstərən birini gətirib AFFA rəhbəri qoyurlar. Bir klubda baş çıxara bilməyən adam bu boyda ölkənin futbolunu çətin durumdan çıxarmalıdır.
Rövnəq Abdullayev nümunəsi dərs olmadı. Yenə də səhv yol seçildi. Dəyişən heç nə yoxdur. Sadəcə əvvəllər pul işinə Rövnəq Abdullayev baxırdı, indi isə bu öhdəlik Rövşən Nəcəfin üzərinə düşəcək. Bax belə…
İcraiyyə Komitəsinə üzvlərin siyahısına gəlincə, buna qərar verənlərin necə deyərlər, üzrü səhvindən betər. Uzun illərdir İcraiyyə Komitəsində qeyri-futbol adamlarının çoxluq təşkil etməsi etirazlarla qarşılanırdı, ictimaiyyət dəyişikliklər tələb edirdi. Və alın, bu da “dəyişiklik” – İK-nın yeni tərkibində yalnız bir futbol adamı olacaq, o da Qurban Qurbanov. Səməd Qurbanovun da adını çəkə bilər kimsə, lakin o futbol veteranıdır. Heç vaxt ölkənin futbol həyatında yaxından iştirak etməyən, baş verən proseslərə reaksiya verməyən biri heç bir halda futbol adamı kimi qəbul oluna bilməz.
İK-nın yeni tərkibində bəstəkar Eldar Mansurovun oğlundan tutmuş, adları futbol ictimaiyyətinə tanış olmayan Xəyal Cəfərov, Leyla Xəlilova, güləşçi Fərid Mansurova qədər çoxlarına rast gəlmək olar. Kənardan baxanda fikirləşirsən ki, Qurban Qurbanov bu adamların arasında nə gəzir, ölkənin ən hörmətli futbol adamı belə tərkibli İK-da üzv olmağı hansı məntiqlə, kimin sözüylə qəbul edib görəsən…