Sahil Babayev saxta əlillərdən danışdı: “Onlar sistemdən kənarlaşdırılıb”

2021-2022-ci illərdə böyük sayda müddəti bitən əlillik işlərinin baxılmasını təmin etmişik.
Tacxeber.com xəbər verir ki, bunu DOST TV-nin canlı yayımında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir bildirib ki, 2016-cı ildə qəbul edilən qərara əsasən, əlilliklər avtomatik olaraq 5 il müddətinə artırılmışdı:
“Ona görə ona qədərki dövr və əvvəlki illərdə ildə təxminən 30-40 min vətəndaşın əlillik müddəti bitirdisə, məhz 2021-ci ildə o 5 ilin toplanmış rəqəmi olaraq 200 minə qədər vətəndaşımızın əlillik müddəti bitdi. Onların qiymətləndirilməsinin aparılması zamanı gördük ki, bir çox vətəndaşımızın ya müddətdən xəbəri olmur, ya müvafiq qanunvericiliyin tələb etdiyi tibbi prosedurlardan vaxtında keçə bilmirlər. Ona görə 2021-ci ildə qanunvericiliyə dəyişiklik edildi və dəyişikliklər həmin il yanvarın 1-dən qüvvəyə mindi. Bu qərara əsasən, əlillik müddəti bitdikdən sonra yeni əlilliyin təyin olunmasına qədər 6 ay müddətə qədər vaxt keçirsə, o müddət üçün ödəniş həyata keçirilir. Minlərlə vətəndaş bu mexanizmdən istifadə edib. Təkcə 2021, 2022 və 2023-cü illərdə 6 aya qədər müddət üçün 13 milyon manatdandan çox vəsait ödənilib”, – Sahil Babayev deyib.
Nazir vurğulayıb ki, saxta yollarla əlillik alanların əksəriyyəti sistemdən kənarlaşdırılıb. Onun sözlərinə görə, haqqı çatan şəxslərin əlillik dərəcəsi almasında hər hansı problem yoxdur.