Məhkəmə araşdırmaçı jurnalist Hafiz Babalını həbsdə saxlayıb.
“Abzas Media işi” üzrə ittiham tərəfinin tələblərinin qeyd-şərtsiz təmin olunması davam edir.
Aprelin 2-də araşdırmaçı jurnalist Hafiz Babalının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb. Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyilə keçən prosesdə vəsatət təmin olunmayıb.
“Turan” informasiya agentliyi yazır ki, jurnalistin vəkili Rəsul Cəfərov vəsatəti onunla əsaslandırıb ki, Babalının həbsdə saxlanılması üçün maddi və prosessual əsaslar yoxdur. İttiham tərəfi isə onun istintaqdan yayına biləcəyini əsas gətirərək, vəsatətin təmin olunmamasını istəyib.
Hafiz Babalı özü də məhkəmədəki çıxışında hakimə etiraz edib:
“Hakim mənə qarşı qərəzli yanaşır, çünki əvvəllər də məni həbs etmək barədə qərar verib və əvvəlki vəsatətləri rədd edib”.
Hakim etirazı baxılmamış saxlayıb.
Fevralın 24-dən başlayaraq “Abzas Media işi” üzrə həbs edilən bütün jurnalistlərin həbs müddətləri daha 3 ay artırılıb.
Beynəlxalq təşkilatlar bunu istintaqın əsassız aparılması ilə əlaqələndirib, jurnalistlər üzərində təzyiq olduğunu bildiriblər.
Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb.