ABŞ-nin “Forbes” jurnalı 2024-cü il üçün dünyanın ən varlı adamlarının siyahısını dərc edib.
Tacxeber.com xəbər verir ki, bu barədə jurnalın saytında məlumat verilib.
Məlumata görə, siyahıda Türkiyədən də 27 nəfərin adı var. Türkiyə Prezidenti və AKP sədri Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraktar və qardaşı Haluk Bayraktar da siyahıda olanlar arasındadır. “Baykar Technology” şirkətinin rəhbəri Səlcuq Bayraktar 1,2 milyard dollarlıq sərvəti ilə siyahıda 24-cü yerdə qərarlaşıb. Dünya sıralamasında isə o, 2410-cu yeri tutub.
45 yaşlı Haluk Bayraktar isə 1,1 milyard dollarlıq sərvəti ilə Türkiyənin 27-ci, dünyanın isə 2545-ci ən varlı adamı olub.
Siyahıda 5,1 milyard dollarlıq sərvəti ilə “Yıldız Holdinq”in rəhbəri Murat Ülker birinci olub. Siyahıda ikinci yerdə 3,7 milyard dollar sərvəti ilə İpek Kıraç, üçüncü yerdə isə 3,6 milyard dollar sərvətlə Semahat Sevim Arsel qərarlaşıb.
“Louis Vitton” və “Sephora” kimi brendlərin sahibi Bernar Arno 233 milyard dollarlıq sərvəti ilə “Forbes” siyahısında birinci olub. Arnodan sonra 195 milyard dollarlıq sərvəti ilə İlon Mask gəlir. Siyahıda üçüncü yerdə “Amazon”un sahibi Ceff Bezos qərarlaşıb.