AFFA-nın yeni rəhbərliyinin hədiyyəsi – 12 komandalı çempionat?
2024/25 mövsümü üçün Azərbaycan Premyer Liqasında oynayacaq komanda sayı artırıla bilər.
Bununla bağlı məsələ bir müddətdir müzakirə olunur. Yəni söhbət AFFA prezidentliyinə keçirilən seçkidən öncəyə gedib çıxır.
Məlumdur ki, hazırda iştirakçı komandaların sayı 10-dur. Yeni mövsümdən isə bu sayın 12-ə çatdırılacağı ilə bağlı məsələ gündəmdədir. Belə bir qərarın verilməsi həm də AFFA-nın yeni rəhbərliyinin Azərbaycanın futbol ictimaiyyəti üçün yaxşı bir hədiyyəsi kimi də qəbul olunacaq. Bu jest isə azarkeşlər arasında yalnız müsbət qarşılana bilər. Unutmayaq ki, AFFA-nın keçmiş rəhbərliyinin dövründə Azərbaycanda klub sayı sürətlə azalmağa doğru gedib. Əlbəttə, məntiqlidir ki, yeni rəhbərlik isə problemi aradan qaldırmağa və sayı artırmağa cəhd edəcək.
Qeyd edək ki, AFFA-nın yeni prezidenti Rövşən Nəcəf bugünlərdə jurnalistlərə açıqlamasında komanda sayı və çempionatın formatı ilə bağlı məsələnin müzakirə olunacağını etiraf edib. O bildirib:
“Müzakirə olunacaq məsələlərdən biri də çempionatın formatı və klub sayına yenidən baxılması olacaq. Bu gün hansısa qərar yoxdur. Buna zaman olmayıb”.
Məlumata görə, bu gün üçün yeni mövsümlə bağlı qəti fikirin söylənilməməsinin başlıca səbəbi maliyyə məsələləri ilə əlaqədardır. Yəni SOCAR tərəfindən yeni mövsüm üçün futbola ayrılacaq vəsaitin məbləği təsdiqlənməyib. Lakin məbləğin artacağı ehtimalı yüksəkdir.
Qeyd edək ki, hazırda dövlət tərəfindən Azərbaycan Premyer Liqasında iştirak edən 10 klubun hər birinə 3 milyon manat ayrılır. Bu, bir mövsüm üçün 30 milyon manat deməkdir. Yeni mövsümdə isə Premyer Liqa iştirakçıları üçün 36 milyon manat ayrılacağı nəzərdə tutulur. Bu isə birinci diviziondan əlavə 2 komandanın Premyer Liqaya yüksəlməsi istiqamətində mühüm dəstək olacaq. Belə olacağı halda, bu mövsüm Premyer Liqanı heç bir klub tərk etməyəcək. Yəni gözlənilən mümkün qərar indiki halda ən çox “Qəbələ”nin işinə yarıyacaq.