• 24 Noyabr 2024 09:20

Bədəninizdə sonradan yaranan xallar dəri xərçənginin göstəricisi ola bilər – Xəbərdarlıq

İnsan bədənində sonradan yaranmış xallar dəri xərçənginin göstəricisi ola bilər.

 

Tacxeber.com Türkiyənin “Sabah” qəzetinə istinadla xəbər verir ki, bu barədə türkiyəli plastik, rekonstruktiv və estetik cərrahiyyə mütəxəssisi Dos. Dr. Osman Kelahmetoğlu danışıb. O bildirib ki, dəri xərçəngi özünü sağalmayan yaralar, yeni yaranan xallar və ya mövcud xallardakı dəyişikliklərlə büruzə verə bilər.

 

“Otuz yaşına qədər bədəndə yeni xalların yaranması normal və gözlənəndir.  Bu yaşdan sonra görünən xallar dəri xərçənginə səbəb ola biləcəyi üçün nəzarət altında saxlanılmalıdır” – həkim söyləyib.

 

O.Kelahmetoğlu dəri xərçənginə erkən diaqnoz qoymağın digər xərçəng növləri ilə müqayisədə daha asan olduğunu deyib. O bildirib ki, erkən mərhələdə aşkarlanan dəri xərçənglərində cərrahi müalicə ilə tam sağalma nisbəti olduqca yüksəkdir:

 

“İnsanlar özlərinin görə bildiyi hissələri, eləcə də güzgü vasitəsi ilə bədəninin digər hissələrindəki xalları yoxlaya bilər. Xallar asimmetrikdirsə, sərhədləri qeyri-müntəzəmdirsə, müxtəlif rəng tonlarına malikdirsə, eni 6 millimetrdən çoxdursa, böyümə və genişlənmə göstərirsə, həkimə müraciət edilməlidir”.

 

Mütəxəssis daha əvvəl irəliləmiş yaş xəstəliyi olaraq bilinən dəri xərçənginə son zamanlar 40 yaşdan aşağı şəxslərdə də rast gəlindiyini xatırladıb:

 

“Mütəmadi olaraq və uzun müddət günəşə məruz qalanlar (xüsusilə uşaqlıqda) daha çox risk altındadırlar. Bəzi genetik irsi hallarda dəri xərçəngi hətta uşaqlıqda da görülə bilər. Açıq dəri tipinə sahib olanlar (qoruyucu olmayanlar), günəş yanığı olanlar, daha əvvəl günvurmaya məruz qalanlar, günəşli ərazilərdə yaşayanlar, çoxlu, anormal görünüşlü xalı, daha əvvəl ailə üzvlərinə dəri xərçəngi olanlar, daha əvvəl bu xəstəliyi keçirənlər, immunitet sistemində pozğunluqları olanlar, immunosupressiv dərmanlardan istifadə edənlər (orqan transplantasiyası xəstələri kimi) və radiasiyaya məruz qalanlar daha yüksək risk altında hesab edilir”.

Tacxeber.com

Oxşar xəbərlər