• 25 Noyabr 2024 02:38

Ermənistan Rusiyadan qopur, yoxsa oyun gedir?..

Ermənistan strateji tərəfdaşı olan Rusiya ilə münasibətləri tamamilə kəsmək və geosiyasi oriyentasiyasını Qərb istiqamətinə dəyişməkdə qərarlı olduğunu göstərmək istəyir. 5 aprel Brüssel sammitindən sonra artıq Rusiyanın tanınmış politoloqları da iddia edirlər ki, əvvəl Kreml buna “zarafat” kimi baxırdısa, artıq bunun dəqiq qərar olduğu üzə çıxdı.

 

Buna baxmayaraq, 5 apreldə verilən qərar – yəni ABŞ-dan ildə 65+7 milyon milyon dollar və AB-nin 67,5 milyon avro (4 ilə 270 milyon dollar) yardım Ermənistanın Rusiyadan iqtisadi asılılığını nəinki ləğv etmək, heç azacıq da olsa, “tərpətmək” gücündə deyil. Qərb mediası da yazır ki, Ermənistan iqtisadiyyatı yaxın gələcəkdə də Rusiyadan ciddi şəkildə asılı qalacaq.

 

Ermənistan iqtisadiyyatına ildə 3 milyard dollar əlavə yardım ediləcəyi halda yaxın 7-8 il ərzində İrəvanın Rusiyadan iqtisadi asılılığının azaldılacağı gözlənilirdi. Gözlənti də olsa, ortada 7-8 illik bir zaman vardı, üstəlik, bu gözlənti də özünü doğrultmadı.

 

Ermənistan həm də təhlükəsizlik baxımından Rusiyadan ciddi şəkildə asılıdır, baxmayaraq ki, son vaxtlar Hindistandan, Fransadan və s. adlarını açıqlamadıqları ölkələrdən müəyyən silahlar alıblar.

 

Rusiya FSB-nin Sərhəd Xidmətinin sərhədçiləri Ermənistanın Türkiyə və İranla dövlət sərhədini qoruyur. Paşinyanın xahişi ilə rus sərhədçilərin Azərbaycanla sərhəddə də bir neçə post qurduğu isə bir müddət öncə etiraf edildi. Düzdür, onların sayı və yeri haqda “təhlükəsizlik məqsədilə” açıqlama verilmədi, ancaq faktiki olaraq bunun Ermənistan baş nazirinin xahişi əsasında qurulduğu və post sayının “onlarla” olduğu da vurğulandı.

 

Ermənistan yalnız Zvartnos hava limanından sayı çox az olan rus sərhədçilərin çıxarılmasını gündəmə gətirib və bunun artıq “avqusta qədər həll olunacağını” elan edib. Halbuki Ermənistanda ümumilikdə 4 min rus sərhədçisi var, bundan aşağı-yuxarı 50 nəfərin Zvartnosdan çıxarılması və digər yerə köçürülməsi ciddi heç bir dəyişikliyə səbəb olmur.

 

Qərb Ermənistanın hazırkı durumunu bilmirmi? Əgər Qərb doğrudan da Ermənistanı Rusiyanın əlindən almaq istəyirsə, nədən konsepsiya 5 apreldə təqdim edilmədi?

 

Sərhədlərini Rusiya sərhədçiləri qoruyan, zabitləri tamamilə rus hərbi sistemində təhsil alan, ərazisində Rusiya bazaları yerləşən, bütün strateji infrastruktur – elektrik şəbəkələri, qaz kəmərləri, telefon və mobil rabitə, dəmir yolları, atom elektrik stansiyası Rusiya şirkətlərinin idarəçiliyində olan, əhalisinin və büdcəsinin gəlirləri Rusiyayadan pul köçürmələrindən formalaşan, ÜDM-si Rusiyaya ixrac üzərində qurulan, Rusiyadan qaz və yanacaq asılılığı davam edən Ermənistan Avropa ilə necə “müttəfiqlik” edəcək?

 

Ona görə də sual yaranır: Rusiya Cənubi Qafqazı həqiqətənmi güzəştə gedir? Və ümumiyyətlə, necə bir oyun gedir?

Tacxeber.com

Oxşar xəbərlər