SSRİ-nin son illərində bir sıra qəzalar baş verirdi ki, sanki imperiyanın süqutunun əlamətləri görünürdü.
SSRİ-nin son illərində bir sıra qəzalar baş verirdi ki, elə bil, imperiyanın süqutunun əlamətləri idilər. Onlardan biri də 1989-cu il aprelin 7-də K-278 “Komsomolets” atom sualtı qayığının batması ilə nəticələnən qəza idi.
K-278 yeni gəmi idi, 1983-cü il ildə istifadəyə verilmişdi. SSRİ-nin Şimal donanmasına aid idi. Uzunluğu 110, eni 12,3 metr idi. Müstəqil şəkildə üzmə müddəti 180 günə çatırdı. O zaman mövcud olan aşkarlama sistemlərinin gəmini müəyyən etməsi, demək olar ki, mümkünsüz idi.
Gəmi 1985-ci il avqustunda 1027 metr dərinliyə enərək sualtı qayıqlar üçün dünya rekordu müəyyən etdi. Bu rekord indiyə qədər qüvvədədir.
K-278 1986-cı ilin noyabrından 1987-ci ilin fevralına kimi birinci, 1987-ci ilin avqustundan oktyabrına qədər ikinci hərbi xidmətə çıxıb.
“Komsomolets” fəxri adı gəmiyə 1989-cu ilin yanvarında verilib. Bir ay sonra üçüncü hərbi xidmətə çıxıb.
Gəmi 1989-cu il aprelin 7-də 380 metr dərinlikdə hərbi xidmətdən qayıdarkən içəridə yanğın baş verir. Heyətin yanğını söndürmək cəhdləri nəticəsiz qalır. Gəmini suyun üzərinə qaldırmaq üçün əsas ballast sisterninə hava vurulanda kəmərdə qırılma baş verir və hava yüksək təzyiqlə yanğın olan 7-ci bölməyə daxil olur. Nəticədə yanğın fəlakətli səviyyəyə çatır.
Gəmi əvvəlcə suyun üzərinə qalxır. Amma tədricən bir tərəfə əyilməyə və bir neçə saat sonra batmağa başlayır. Heyətin əksəriyyəti gəmini tərk etsə də bir çoxu soyuq su üzündən həlak olur. 69 nəfərlik heyətdən 27 nəfər sağ qalır.
Üç il davam edən və artıq SSRİ dağılandan sonra yekunlaşan istintaq səbəbi məlum olmayan yanğını söndürərkən heyətin səhvlərə yol verdiyi qənaətinə gəlir. Bundan əlavə, təlimata görə, gəminin hərbi xidmətləri arasında maksimum 8 ay fasilə ola bilərdi, “Komsomolets” isə üçüncü xidmətə ikincidən 16 ay sonra çıxmışdı. Bu da gəmidə xidmət edənlər arasında vərəsəlik prinsipini pozmuşdu. Başqa sözlə, gəmidəki matrosların çoxu təcrübəsiz idilər.
K-278 “Komsomolets” atom sualtı qayığı Norveç dənizində 1658 metr dərinlikdədir.