• 11 Noyabr 2024 00:46

Odessa yəhudilərinin Luvr muzeyinə 200 min franka sırıdıqları saxta skif dəbilqəsi (tiara).

1896-cı ildə antikvar Foqel və makler Şimanski guya Qara dəniz sahillərindəki yunan məskənlərində aparılan arxeolji qazıntı nəticəsində tapılan və Skif hökmdarı Saytafernə məxsus olan dəbilqəni Luvr muzeyinə təklif etdilər. Qızıldan hazırlanan bu dəbilqədə Homer eposundan və skif həyatından müxtəlif səhnələr təsvir olunurdu. Muzey ekspertiza üçün tanınmış mütəxəssisləri dəvət etdi və onların hamısı dəbilqənin həqiqi olması barədə rəy verdilər.

 

Luvr muzeyi dövlətə məxsus idi və hansısa artefakt almağa maliyyə ayırmaq üçün parlamentin razılığı lazım idi. Bu isə bir qədər uzun çəkən proses idi, “nadir” dəbilqə əldən çıxa bilərdi.Ona görə də mesanatların köməyi ilə pul toplandı və aprelin 1-də, aldatma günü muzey dəbilqəni aldı. Parlament daha sonra müvafiq qərar qəbul etdi və mesanatların pulu qaytarıldı.

Artıq bir neçə aydan sonra dəbilqənin həqiqiliyi bəzi tarixçilər, arxeoloqlar tərəfindən şübhə altına alındı. Dəbilqənin həqiqiliyini müdafiə və inkar edən mütəxəssislərin mətbuat üzərindən çəkişməsi başladı. Mübahisə predmeti olan dəbilqəni görmək üçün xeyli adam bilet alaraq Luvru ziyarət edirdi.

 

Nəhayət, 1903-cü ildə qəti şəkildə aydın oldu ki, dəbilqəni Odessada yaşayan İsrael Ruxomovski adlı bir zərgər düzəldib. Amma onun heç bir qaranlıq məqsədi olmayıb, sadəcə sifariş yerinə yetirib. Fırıldağın müəllifləri isə Şepsel və Leyba Qoxman adlı iki yəhudi qardaş imiş. Amma Ruxomovski onların adını çəkmədiyindən məsuliyyətə cəlb olunmadılar.

Bundan sonra dəbilqə əvvəlcə anbara qoyuldu, sonra isə müasir incəsənət zalında nümayiş etdirildi.

 

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər