• 21 Sentyabr 2024 18:33

Məhin Qədiri, İranın ilk və yeganə qadın seriyalı qatili. O, 2006-2009-cu illərdə 6 nəfəri ….

Məhin 1977-ci ildə Qəzvində anadan olub. 14 yaşında ailə qurub və özündən 12 yaş böyük əri ailəsinin ürəyincə olmayıb. Bir müddət sonra barışıblar. Amma Məhinin atası ilə münasibətləri daha isti olub, o, vəfat edəndən sonra anası ilə münasibətləri gərgin olub.

 

Məhinin iki qızından kiçiyi əngəlli olub. Üsətlik, əri narkotikə qurşanır və ailə daim ehtiyac içində olur. Qadın bir neçə işdə çalışsa da (o cümlədən, sürücülük məktəbində qadınlara dərs keçir) çətinliklə dolanır. Onu cinayət yoluna sövq edən səbəbin məhz maddi çətinliklər olduğu deyilir. Anası isə maddi vəziyyətləri yaxşı olsa da, qızına kömək etməyib.

Məhin ilk dəfə 2006-cı ildə qətl törədir: kirayə qaldığı evin sahibini öldürür. O, bu işdə yeganə şübhəli şəxs kimi həbs olunur, amma müstəntiqləri günahsız olduğuna inandıra bilir. Yeri gəlmişkən, normal təhsil almasa da, intellektinin yüksək olduğu deyilir.

 

Polisin şübhələrini tamam dağıtmaq üçünmü, ya nədənsə, 3 il ərzində cinayət törətmir. 2009-cu ilin fevralında isə yenidən başlayır.

O, Qəzvində yerləşən, şilərin səkkizinci imamı Əli İbn Musa ər-Rzanın iki yaşlı oğlu Hüseynin dəfn olunduğu deyilən İmamzadə ziyarətgahına gedir və buraya gələn yaşlı qadınlara göz qoyur. Üstündə diqqətəlayiq zinət əşyalarının olduğunu görən qadınlara yaxınlaşır, ünsiyyət qurur, axırda özünün Reno maşını ilə evə aparmağı təklif edir. Maşında qadınlara hansısa maddə qatılmış şirə təklif edir, içəndən sonra huşsuz hala düşən qadınları boğur, zinət əşyalarını götürür.

 

Məhin Qədiri üç ay ərzində 5 qadını bu yolla qətlə yetirir. Sonuncu cəhdi isə uğursuz olur. Qətllər haqqında eşidən qadın şirəni içmir, maşının başqa istiqamətə getdiyini görəndə də hay-küy salıb saxlayır və düşür. Qadın polisə müraciət edərək Məhinin əlamətlərini deyir. Polis isə indiyə\ qədər kişi qatil axtarırdı.

Elə indi də Məhini tapmaq asan olmur və yalnız təsadüf kömək edir. İşi araşdıran polis həmin ziyarətgaha gələrkən maşını icazəsiz yerdə saxladığına görə cərimə olunur. Bu, onu həmin yerdə cərimə olunan başqa maşınların siyahısına baxmağa sövq edir. Cərimə olunanlar arasında əvvəllər qətlə görə şübhəli bilinən bir qadının da olması diqqətini çəkir. Maşın da şahidin dediyi kimi sarı Reno idi.

 

Məhinin yaşadığı evi müəyyən edən polis mayın 24-də onu həbs etdi. O, cinayətlərini etiraf etdi və yaşlı qadınları seçməsini “yaşadıqlarını yaşamışdılar, gördüklərini görmüşdülər” deyə izah edir. Psixoloqlar isə deyirlər ki, bu seçimdə Məhinin öz anasına olan nifrəti rol oynaya bilər.

Məhin Qədiri 2010-cu ilin dekabrında Qəzvin həbsxanasında asılaraq edam edildi.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər