• 22 Noyabr 2024 13:51

Şeyxin möhürü mövzusu: “75 yaşlı din xadimini məsxərə obyektinə çevirmək…”

“Möhür bir balaca hündür olub…” Alnı möhür görməyənlər möhürdən niyə danışırlar?” 

 

Tacxeber.com pravda.az-a istinadla xəbər verir ki, bunu ilahiyyatçı Təyyar Hüseynli deyib.

 

O, müzakirə doğurmuş mövzudan söz açıb:

 

“Bütün Qafqazın Şeyxi, yaşlı, ağsaqqal, Azərbaycanın dini, siyasi, ictimai tarixində mürəkkəb mərhələ keçmiş insan. Jurnalistlər gəlib “Təzəpir” məscidində bayram namazını çəkiblər, bizim ağsaqqal Şeyximiz də ibadət edib, möhür haqqında anlayışı olmayanlar isə Şeyxin istifadə etdiyi möhürü bir qədər hündür bilib, guya ki, maraqlı mövzu tapıblar. Şeyxi bütün mətbuatla bir ediblər. Axı Fitr bayramına, ağsaqqal kişiyə bu qədər də hörmətsizlik olmaz!”

 

T. Hüseynli əlavə edib: “Hələ demirəm, təkcə Azərbaycanda deyil, bütün Qafqazda, dünyada tanınan, Azərbaycanın siyasi tarixində belə xüsusi xidmətləri olan insanı…  Allahın evini – məscidi, səcdəni qanmayan bir neçə qeyri-peşəkarın Şeyxi müzakirə obyektinə çıxarması, ələ salması, rişxənd etməsi, şəxsiyyətini alçaltması mənə görə qəbulolunmazdır”.

 

İlahiyyatçı bildirib ki, səcdə üzvləri yeddidir: “Alın, ovucarın içi, dizlərin gözü, ayaq barmaqlarının baş hissəsi. Yerin müstəvisindən asılı olaraq səcdə yeri fərqlənə bilir. Məsələn, səhrada düz müstəvi yoxdur. Alının bir hissəsi yuxarıda, əllər də çökəkdə ola bilər. Səcdə üzvlərinin bir-birindən bir neçə santimetr fərqlənməsi dərin şəriət hökmüdür. Bunu illərin ilahiyyatçısı, on il axund işləmiş biri kimi deyirəm. Görün, hardan-hara gəlib, kimlərin əlində qalmışıq.

 

Düşünürəm, istənilən bir insanın ibadətini, səcdəsini müzakirə etmək, onun şəxsiyyətinə, işgüzar fəaliyyətinə xələl gətirmək, şərəf və ləyaqətini alçaltmaq həm cinayətdir, inzibati xətadır, həm də xəyanətdir. Bunu qətiyyətlə pisləyirəm.

 

Quranda ayə var ki, “möminlər alınlarındakı möhür izi ilə tanınarlar”. Yəni səcdə alına aiddir, digər bədən üzvləri alına köməkdir, bədənin müvazinətini saxlamaq üçündür. “Təzəpir” məscidinə, hətta Şeyxin bir neçə santimetrliyinə jurnalisti buraxıb pislik etməyiblər ki. Buna görə buraxmışdılar ki, gəl, o yaşlı kişini müzakirə obyektinə çevir?

 

75 yaşlı ağsaqqal din xadiminin möhürünə rişxəndlə yanaşıb onu çəkib tirajlamaq, məsxərə obyektinə çevirmək… Mənim fikrim bu gün Şeyxi müdafiə etmək deyil, sadəcə, dini mühitə, ağsaqqal dəyərlərinə, möhürə, Ramazan bayramına hörmətsizliyi qəbul edə bilmirəm. Heç vaxt da qəbul edə bilmərəm. “Möhür bir balaca hündür olub…” Alnı möhür görməyənlər möhürdən niyə danışırlar?”

Tacxeber.com

Oxşar xəbərlər