• 24 Noyabr 2024 20:50

Daha 3 min rus hərbçisi Qarabağa gətirilir? 

Rusiyanın Ermənistanda yerləşən 102-ci bazasının hərbçilərinin bu ölkəni tərk etməsi istiqamətində müzakirələr genişlənir. Bəzi rus ekspertlər, habelə deputatlar Ermənistanı tərk edəcək hərbçilərin Azərbaycana, daha dəqiq desək, Qarabağa gəlib sülhməramlılara qoşulacağını iddia edirlər. Rəsmi Bakı hələ ki məsələyə münasibət bildirməyib. 

 

Maraqlıdır, bu iddia nə qədər realdır? Ermənistanı tərk edəcək rus hərbçilər (sayları 3-4 min aralığındadır – red.) Qarabağa yerləşdiriləcək?

 

Tacxeber.com xəbər verir ki, politoloq Qabil Hüseynli Globalinfo.az-a açıqlamasında Rusiya hərbçilərinin Ermənistanda 50 ildən uzun bir müddəti əhatə edən müqavilə əsasında fəaliyyət göstərdiklərini bildirib.

 

“Bu mənada rus hərbçilərinin bu tezlikdə Ermənistandan çıxarılması real deyil. Bu, təkcə İrəvanın verəcəyi qərar deyil, Rusiya tərəfi ilə razılıq olmalıdır. Həmin hərbçilərin Qarabağa gəlməsi isə absurd versiyadır:

 

Birincisi, Azərbaycanla Rusiya arasında bu məsələyə dair konkret razılıq və ya danışıq yoxdur.

 

İkincisi, Rusiya sülhməramlıları Qarabağda olsa da, bu, 10 Noyabr bəyanatı əsasında baş tutub. Yəni sülhməramlıların fəaliyyəti ayrı məsələdir, rus hərbçilərinin Qarabağa gəlməsi isə tamam ayrı məsələdir.

 

Üçüncüsü, Azərbaycan konstitusiyasına görə, ölkə ərazisində xarici ölkənin hərbi bazasının yerləşməsi, habelə hərbi kontingentin olması qeyri-qanunidir. Sülhməramlılar istisna kimi fəaliyyət göstərir, amma bu da müddətlidir.

 

Hesab edirəm, rus politoloq və rəsmilər indiki məqamda nəbz yoxlayır. Amma rəsmi Bakı belə bir təklifə razı olmaz”.

Tacxeber.com

Oxşar xəbərlər