Rövşən Lənkəranskinin qardaşı MƏHKƏMƏYƏ VERİLDİ – Onun “Paşa Bank”la nə problemi var?
Ölkənin aparıcı banklarından biri olan “Paşa Bank” ASC “Neon MMMC” MMC (VÖEN – 1600012611) və Caniyev Namiq Rafiq oğlu barəsində məhkəmə iddiası qaldırıb.
Tacxeber.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatına verilib. İddia ilə əlaqədar olaraq 15 aprel 2024-cü il saat 11:20-yə hazırlıq iclası təyin olunub.
İddia kredit müqaviləsi üzrə mübahisələrlə əlaqədar qaldırılıb.
Məlumat üçün bildirək ki, “Paşa Bank” ASC-nin barəsində iddia qaldırdığı “Neon MMMC” MMC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nizami rayonu, Mikayıl Əliyev, ev 17-də yerləşən MMC-nin nizamnamə kapitalı 60 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Məmmədov Valeh Raqib oğludur.
Qeyd edək ki, uzun illər mətbuatda “Neon MMMC”nin qeydiyyatda olduğu hüquqi ünvanda – Nizami rayonu, Mikayıl Əliyev, ev 17-də fəaliyyət göstərən “Neon Palace” şadlıq sarayının 2016-cı ildə Türkiyədə öldürülən “Lənkəranski” ləqəbli məşhur kriminal avtoritet Rövşən Rafiq oğlu Canıyevin ailə üzvlərinə məxsus olması barədə məlumatlar yayılıb. “Paşa Bank” ASC-nin barəsində iddia qaldırdığı Namiq Caniyev də mərhum Rövşən Lənkəranskinin qardaşıdır.