İsrailə zərbəyə ermənilərin reaksiyası İranı qəzəbləndirdi
İranın aprelin 13-də gecə saatlarında İsrailə öz ərazisindən hücum etməsini iranlı politoloqlar “böyük uğur” kimi qələbə verməyə çalışır, təbliğat aparırlar.
İranın erməniyanlı politoloqlarından biri Pouya Hüseyni isə daha maraqlı açıqlama verib: əvvəla, o, ermənilər arasında İranın uğursuzluğuna istinad edilməsi və Tehranın ünvanına sərt sözlər işlədilməsindən “narahat” olub, “deyəsən, İran onların ata evinə hücum edib” kimi kəskin ifadə işlədib – yəqin cani-dildən Ermənistana dəstək göstərən İran ermənilərin bu cür yanaşmasını anlamaqda “çətinlik çəkir” və əsəbiləşir; digər tərəfdən isə bu hücumun hədəflərinə çatdığını açıqlayıb.
Hüseyni bildirib ki, hücumun əsas məqsədlərindən biri “İsraili təxminən 6 aya yaxın Qəzzada törətdiyi soyqırım, uşaq qətli və ən amansız cinayətlərə görə cəzalandırmaq idi”.
Bu, deyəsən, “yeni tezisdir”: İran İsrailə cavab verməmək üçün Rəfah əməliyyatını dayandırmaq şərtini irəli sürmüşdü, baxmayaraq ki, Təl-Əvizin belə bir şərti qəbul etməyəcəyi əvvəlcədən bəlli idi. Görünür, İran Dəməşqdəki səfirliyinin yanındakı binaya endirilən zərbədən sonra SEPAH zabitlərinin qisasını almaq məcburiyyətində qalmasına daha təntənəli təbliğat rəngi qatmağa çalışır ki, bunu da Hüseyni “konkretləşdirib”. Ancaq məsələ burasındadır ki, İranın bu hücumla əsas məqsədlərindən birincisi kimi göstərilən “Qəzza soyqırımı” inandırıcı deyil. Çünki 6 ay gözləyəndən sonra “Qəzza soyqırımı”na görə İsraili cəzalandırmaq üçün cəmi 6 saatlıq hücum çox yox, elə 6 ay gecikmək deməkdir. Və 6 ay gecikəndən sonra İsrail “soyqırıma” görə doğrudanmı cəzalandırıldı?
İranın Dəməşqdəki konsulluğuna endirilən 5 raket F-35-dən buraxılmışdı, İran isə F-35-lərin saxlanıldığı Nevatim bazasına 7 hipersəs raketi atdı. Yəni İran Qəzzaya yox, Dəməşq əməliyyatına görə cavab verdiyini göstərirdi – əks halda, heç olmasa Qəzzaya hücum edən İsrail briqadaları istiqamətində bircə raket göndərərdi.
İsrailin 5 raketi konsulluq binasını – əslində səfirliyin ərazisindəki SEPAH məntəqəsini – havaya uçurdu, iki general, 5 zabit öldü; İranın 7 hipersəs raketi isə Nevatim bazasında yalnız uçuş zolağının kiçik bir hissəsinə ziyan vurub: 1 qırıcı zədələnməyib, bir obyekt sıradan çıxmayıb…
İran generalitetinin xüsusi mərasimlər, sonradan sosial şəbəkələrdə yaymaq və təbliğat aparmaq üçün lentə aldıqları hücum anı və dualarla göndərdiyi PUA-ların böyük hissəsi Suriya ərazisində vuruldu: ABŞ, Böyük Britaniya İsrailə yardım məqsədilə 100-dən çox PUA-nı İsrail sərhədindən çox uzaqda məhv etdi, İordaniya isə “dualı PUA-lar”ın təsadüfən nəzarətdən çıxıb, əhalisinin başına düşməməsi üçün onları vurdu – yəni öz səmasını qorudu.
İranın etdiyi hücumu uğurlu adlandıranlar səhv edirlər: ən azı ona görə ki, İran özü bu hücumla uğur əldə etməyi hədəfləməmişdi, sadəcə, təbliğat aparmaq, öz imicini qorumaq istəyində idi. Məhz buna görə də Abdullahian hücumdan 72 saat öncə bütün qonşu ölkələrin zərbə haqda məlumatlandırıldığını bildirdi.
Hücumdan hamı məlumatlıydı, saatına, dəqiqəsinə qədər və hər bir hazırlıq görülmüşdü, bunu rəsmi şəkildə elan də etmişdilər. İran “Şahid”lərini sadəcə “şəhid olmağa” göndərdi.
Bunu uğurlu adlandırmaq, İranın güc nümayiş etdirdiyini iddia etmək yersizdir.
Əksinə, İran İsrailə Suriyada bufer-zona yaratmağa, PKK və onun “İran qolu” ilə əlaqələri genişləndirməyə, beləliklə də Türkiyəyə və gələcəkdə özünə qarşı çevriləcək ssenarinin reallaşmasına “beynəlxalq status” qazandırdı.