Daha 2 nəfər “Abzas Media iş” üzrə dindirilməyə çağırıldı
İnarə Hünbətova və Şəms Hacıyeva “Abzas Media iş” üzrə dindirilməyə çağırılıb.
Bu barədə “Abzas Media” məlumat yayıb.
Bildirilir ki, aprelin 15-dən etibarən Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) müstəntiqləri onlarla əlaqə saxlayıb, İnarə Hünbətovanı aprelin 16-sı, Şəms Hacıyevanı isə 17-si günorta saatlarına idarəyə dəvət ediblər.
Mətbuat orqanı yazır ki, hər iki gəncin “Abzas Media” ilə əlaqəsi yoxdur və onlara niyə bu iş üzrə şahid qismində cəlb edilmələri bildirilməyib.
Qeyd edək ki, daha əvvəl jurnalist İsmayıl Tağıyev də “Abzas Media işi” üzrə dindirilməyə çağırılıb.
Xatırladaq ki, ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb.