Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət MƏHKƏMƏ QARŞISINDA
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib.
Tacxeber.com xəbər verir ki, Azərbaycanın 15 rayonunda pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olan “MKT İstehsalat Kommersiya” MMC-nin keçmiş işçisi Şamo Ağayev şirkət barəsində iddia qaldırıb. Onun iddiasına Nərimanov Rayon Məhkəməsində baxılacaq. Səbinə Nuriyeva iş üzrə hakim təyin edilib.
Şamo Ağayevin iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.
Əldə etdiyimiz məlumatlarda iddia edilir ki, Şamo Ağayev bir müddət əvvəl işdən çıxarılıb. O, hesab edir ki, rəhbərliyin qərarı qanunsuzdur. Bu baxımdan, məsələni məhkəmədə mübahisələndirmək qərarına gəlib.
“MKT İstehsalat Kommersiya” MMC 23 aprel 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 357 263 923,51 manatdır. Şirkətin qanuni təmsilçisi Həsənov Rövşən Həsəın oğludur.
Uzun illərdir ki, şirkətin Kəmaləddin Heydərova məxsus olduğu haqqında mediada yazılır. Həmçinin iddia edilir ki, nazirin bu şirkətdə ortaqları da var. Yəni, “MKT İstehsalat Kommersiya” MMC tam olaraq Kəmaləddin Heydərova məxsus deyil.