• 22 Noyabr 2024 07:48

Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO

Qobu qəsəbə sakini Məlik Gülməmmədli Moderator.az-a müraciət edərək yaşadığı Qobu ərazisində kurqanın olduğunu iddia edib. O bildirib ki, kurqan “Xəncər Piri” adlanan təpədədir.

 

“Qobu kəndində bir təpə var. Mən Türkiyədəki kurqanlarla bağlı özüm üçün araşdırma etmişəm. Bu təpə həmin kurqanlara çox bənzəyir. Ona görə də məndə şübhə yarandı. Sözsüz ki, bunu araşdırmaq lazımdır. Eşitdiyimə görə indi xüsusi aparatlar var ki, ora qoyanda bildirir ki, orada kurqan var ya da yoxdur?!

Torpağına da baxanda hiss olunur ki, tökülmədir. Oranın torpağı ilə təpənin torpağı eyni deyil. Həmin təpənin adı da “Xəncər Piri”-dir. Biz oranı heç vaxt pir kimi görməmişik. Xəncər nədir, Pir nədir hələ də bizim üçün müəmmalıdır. Türk sözləridir.

Mənə elə gəlir ki, orada kurqan var və hansısa sərkərdə uyuyur. Sərkərdə də dünyasını dəyişib və xəncəri özü ilə basdırılıb. Bu mənim məntiqi yanaşmamdır. Çingiz xanın məzarı bilinmir. Mənbələrə görə Çingiz xanın qəbri Qobu və Güzdək kəndlərinin arasında olmalıdır.

Burada məndə şübhə yarandı. Qobu kəndində onun yaşının çox olmasını göstərən sübutlar yoxdur. Amma tarixçi alim Sara xanım Aşurbəyli “Şirvanşahlar dövləti” adlı kitabında Bakı kəndləri haqqında yazır və Türkan və Qobunun adını çəkib bildirir ki, İslamdan əvvəl də bu kəndlər mövcud olub.

Bəlkə də Sara xanım bilirdi ki, burada nəsə var? Qəbirstanlığı genişləndirmək istəyirdilər, həmin təpənin ayağını bir az qazmışdılar. Mən ora gedib baxanda bir dəlik məni cəlb etdi. Əl ağacını ora saldım, çox gümankı nəyəsə dəydi. Maraqlıdır ki, əsanı mən çəkəndən sonra başladı sərinlik gəlməyə. Bu bağlıdırsa, torpağın altında sərinlik necə gələ bilər?” deyə kənd sakini bildirib.

 

Mövzu ilə bağlı Milli Elmlər Akademiyasının Abasqulu ağa Bakıxanov adına Tarix və Etnologiya institunun dosenti Şahlar Şərifovdan da münasibət öyrəndik.

“Cəlilabadda “Xəncər Piri” var. Cənub bölgəsində də var. Cənub bölgəsindəkini bağlayırlar Zahid Gilaniyə. Amma Qobudakı pir haqqında heç bir məlumatım, bilgim yoxdur. Orada kurqanın olub-olmadığını dəqiqləşdirmək istəyirlərsə Arxeologiya instituna müraciət etsinlər. Həmin institutda Bakı Abşeron Ekspedisiya şöbəsi var. Onlar da gedib baxıb, araşdırma aparıb, bir fikir bildirirlər.

O ki, qaldı Çingiz xanının məzarının Qobu kəndində olma ehtimallarına.. Bu yalnız ehtimal ola bilər.. Bu tarixin qatı açılmamış sirridir” deyə tarixçi bildirib.

Qeyri-iş günü olduğu üçün Arxeologiya instituna ünvanladığımız müraciətimiz cavabsız qaldı. Mövzunu davam etdirəcəyik.

Tacxeber.com

Oxşar xəbərlər