• 22 Noyabr 2024 06:41

Yaponiya səfirinin Limadakı iqamətgahında girov saxlanılanlar azad edilir.

22 aprel 1997-ci il, Peru xüsusi təyinatlılarının əməliyyatı nəticəsində Yaponiya səfirinin Limadakı iqamətgahında girov saxlanılanlar azad edilir, girov götürən terrorçuların hamısı öldürülür.

 

1996-cı il dekabrın 17-də Yaponiya səfirinin iqamətgahında ölkəsinin milli bayramı – imperatorunun doğum günü münasibətilə ziyafət verilirdi. Bu zaman “Tupak Amaru inqilabi hərəkatı” adlanan təşkilatın 14 üzvü hücum edərək hamını girov götürdü. Onlar iqamətgahın bağ tərəfində divarda əvvəlcə dəlik açıblar, sonra da partlayış törədərək əraziyə daxil olmuşdular.

Girovların sayı yüzlərlə idi. Onların arasında bir çox ölkələrin diplomatları, Peru hökumətinin nümayəndələri, deputatlar, sahibkarlar, Perunun yapon əsilli prezidenti Alberto Fuximoranın anası və qardaşı, eləcə də gələcək prezident Alexandro Toledo vardı.

 

Yaraqlılar ölkə həbsxanalarındakı solçu yoldaşlarının həbsdən azad edilməsini, həbsxanalarda “dözülməz” adlandırdıqları şəraitin yaxşılaşdırılmasını, neoliberal bazar islahatlarının dayandırılmasını tələb edirdilər.

Girovların sayı həddindən artıq çox idi və bu, başqa şərtlərlə yanaşı terrorçuların özləri üçün təhlükəli idi. Buna görə də onlar ilk növbədə qadınları, daha sonra Peru iqtidarı ilə əlaqəsi olmayan kişiləri azad etdi, 72 nəfər saxladı.

 

Hökumət və terrorçular arasında vasitəçilərin köməyi ilə aparılan danışıqlar xeyli uzandı və nəticəsiz qaldı. Danışıqlar gedə-gedə də problemin güc yolu ilə həlli üçün addımlar atıldı: ilk növbədə iqamətgaha aşağıdan hücum etmək üçün tunel qazılırdı. İqamətgahın maketi hazırlanmışdı və orada kommandos məşq edirdi.

İçəriyə stolüstü oyunlarda, su butulkalarında, kitablarda gizlədilən miniatür mikrofonlar və videokameralar keçirildi. Onların vasitəsilə aşkar olundu ki, girovlar ikinci mərtəbədə yerləşdirilib, “Tupak Amaru”çular hücumu daha çox gecələr gözləyirlər və o zaman daha sayıq olurlar. Günün işıqlı vaxtı isə belə olmur. Bəzən hətta zalların birində 8 terrorçu futbol oynayırdı. Təbii ki, bu zaman atıcı silahları da, partlayıcı maddələri də üstlərində olmurdu.

 

Girov böhranının başlamasından 126 gün sonra, 1997-ci il aprelin 22-də saat 15:23-də iqamətgahın döşəməsinin altında üç yerdə partlayış baş verdi. Onlardan biri futbol oynanılan zalın ortasında oldu və dərhal biri qadın olmaqla üç terrorçunu öldürdü.

Həmin üç yerdən əlavə kommandos həm iqamətgahın qapısı tərəfdən hücuma keçdi, həm də arxadan nərdivan qoyaraq girovların saxlanıldığı ikinci mərtəbəyə qalxdı. Qəfil yaxalanan “Tupak Amaru”çulardan yalnız bir neçə nəfər silaha əl ata bildi və xüsusi təyinatlıların iki zabiti öldürüldü. Eləcə də bir girov – Peru Ali məhkəməsinin hakimi həlak oldu.

 

Terrorçuların isə hamısı öldürüldü. Sonralar məlum oldu ki, onlardan bəziləri zərərsizləşdiriləndən sonra öldürülüblər. Çünki prezident Fuximoronun “heç kimi əsir götürməyin” əmri varmış. Yaraqlıların qohumlarının iddiası əsasında Amerika İnsan Haqları Məhkəməsi Peru hökumətinin yaşamaq hüququnu pozması barədə hökm çıxardı.

 

Mənbə: Tarixçi (teleqram)

Tacxeber.com

Oxşar xəbərlər