Səkkizmərtəbəli binanın uçması nəticəsində 1134 nəfər dünyasını dəyişib
24 aprel 2013-cü il, Banqladeşin Savar şəhərində yerləşən “Rana Plaza” adlı səkkizmərtəbəli binanın uçması nəticəsində 1134 nəfər həlak olur.
Bina cəmi 7 il əvvəl tikilmişdi. Qəzadan sonra iddia olundu ki, yuxarı 4 mərtəbə icazəsiz tikilib. Burada beş tikiş fabriki mövcud idi. Tikinti mütəxəssisləri deyirdi ki, mağaza, bank, ofislər üçün nəzərdə tutulan binada tikiş fabriklərinin yerləşdirilməsi təhlükəli idi: ağır dəzgahlar və onların fasiləsiz titrəyişi üçün nəzərdə tutulmamışdı. Nəhayət, binanın tikildiyi zəmin də belə böyük bina, xüsusən də sənaye obyekti üçün uyğun deyildi.
2013-cü il aprelin 23-də binanın yükdaşıyan konstruksiyalarında çatlar yarandı. Bank və mağaza sahibləri işçilərini çıxardılar və obyektlərini qapatdılar. Amma binanın sahibi Sohel Rana iddia etdi ki, sadəcə mala tökülüb. Tikiş fabriklərinin sahibləri də işçilərinə işə çıxmağı tapşırdılar.
Ertəsü gün dəzgahlar yenə işlədilər, yenə titrətdilər. Üstəlik, elektrik kəsildi və böyük generatorlar işə salındı, onlar da binanı titrətməyə başladılar və bina çökdü. Bu zaman orada əksəriyyəti qadın olan 3122 işçi vardı. Bundan əlavə, binada kiçik uşaqların olduğu bağça da vardı.
Axtarışlar mayın 13-ə kimi davam etdi. Mayın 10-da son diri adam tapıldı. Reşma adlı bu qadın, demək olar, xəsarət almamışdı. Xilasedicilər 2 mindən çox adamı xilas etdilər, 1134 nəfər həlak oldu.