Çernobıl qəzasının ertəsi günü, Çernobıldan cəmi 94 km məsafədə yerləşən Kiyevdə 82 min tamaşaçı yerli “Dinamo” ilə Moskva “Spartak”ı arasında prinsipial qarşılaşmanı izləyir.
27 aprel, 1986-cı il. Sovet hökuməti hələ də qəza barədə infomasiyanı gizlədir. Bixəbər kiyevlilərin xoşbəxtliyindən həmin gün külək Çernobıldan Belarusa tərəf əsir.
Aprelin 28-də səhər İsveçin Forsmark atom-elektrik stansiyasının mütəxəssisləri radiasiya səviyyəsinin artmasını müşahidə edərək həyəcan təbili çaldılar. Ölkənin Radiasiya təhlükəsziliyi idarəsi çirklənmənin başqa yerdə baş verdiyi qənaətinə gəldi.
Sovet tərəfi ilə əlaqə saxlayan isveçlilər SSRİ-də atom qəzasının olub-olmamasını soruşurlar. Moskva əvvəl inkar edir, amma İsveç Beynəlxalq atom enerjisi agentliyinə müraciət edəcəyini bildirəndən sonra Çernobılda qəza olduğunu etiraf edir.
Həmin gün Moskva vaxtı ilə 21.00-da başlayan “Zaman” xəbərlər proqramında “Çernobıl atom elektrik stansiyasında qəza baş verib. Atom reaktorlarından biri zədələnib. Qəzanın nəticələrini aradan qaldırmaq üçün tədbirlər görülür. Xəsarət alanlara yardım göstərilir” kimi xəsis, radiasiya təhlükəsindən heç nə deyilməyən məlumat verildi. Yeri gəlmişkən, bizdə belə bir əfsanə uydurulub ki, guya qəzanın xalqa elan edilməsində Siyasi büronun iclasında Heydər Əliyev təkid edib.
Hətta etirafdan sonra belə sovet tərəfi adəti üzrə “Whataboutism” taktikasına əl ataraq başqa ölkələrdə baş verən analoji qəzaları xatırlatdı. Çernobılın heç bir analoji qəza ilə müqayisə edilməyəcək qədər dəhşətli olmasının etirafı üçün müəyyən zaman lazım oldu.
Çernobıldan xeyli uzaqdakı Avropa ölkələri həyəcan keçirərkən, qəzadan cəmi beş gün sonra Kiyevdə 1 May nümayişi keçirildi.
P.S. aprelin 27-də “Neftçi” də Çernobıldan 450 km aralıdakı Xarkovda yerli “Metallist”lə oynayırdı və 0:2 uduzdu.