Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
Bu ilin birinci rübündə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 88 013 mülkiyyət hüququnun qeydiyyatını aparıb. Bu barədə Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, bu göstəricinin 13 540-ı (15,3 %) ilkin, 74.473-ü isə (84,7 %) təkrar qeydiyyatın payına düşür. Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində 12 786, mənzil üzərində 19 234, torpaq sahəsi – 53 279, qeyri-yaşayış binası – 744, qeyri-yaşayış sahəsi – 1 814, əmlak kompleksi – 147, çoxmərtəbəli yaşayış binası üzərində isə 9 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 21 664-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür. Yanvar-mart aylarında Dövlət Xidməti 64 842 texniki pasport tərtib edib, 16 537 ipoteka müqaviləsi qeydiyyata alıb. Bəs görəsən ilin növbəti dövrlərində də evlərin sənədləşdirilməsi prosesi davam edəcəkmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, evlərin sənədləşdirilməsi vergi və sığorta baxımından, dövlət üçün də olduqca maraqlıdır:
“Misal üçün, hər hansı bir böyük yaşayış kompleksi və ya yeni salınmış ərazidə kütləvi müraciət zamanı çıxarışların verilməsi baş tutur. Bu məsələdə hansısa konkret səbəb olmur. Dövlət tərəfindən bu istiqamətdə müəyyən tədbirlər aparılır. Hökumət evlərin və mənzillərin çıxarışla təmin olunmasında maraqlıdır. Çünki belə olan təqdirdə həm vətəndaşların mülkiyyəti tanınacaq, həm də mülkiyyət vergiyə və sığortaya cəlb olunacaq. Təbii ki, bu istiqamətdə çıxarışların verilməsində artımın olması yaxşı bir göstəricidir. Yəqin ki, bu proses il ərzində də davam edəcək. İlbəil həm əhali artır, həm də yeni yaşayış kompleksləri istifadəyə verilir”.