Gürcüstan üçün çətin sınaq
Gürcüstanda daxili gərginliyin artması fonunda ölkənin hakim partiyasının təsisçisi Bidzina İvanişvilinin açıqlamaları geniş rezonansa səbəb oldu. İctimaiyyət qarşısına nadir hallarda çıxan və bir qayda olaraq, öz mesajlarını digərləri vasitəsilə çatdıran siyasi lider bu dəfə birbaşa və sərt bəyanatlar səsləndirdi.
Keçmiş baş nazir “qlobal müharibə partiyası”nı Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmaq cəhdlərində ittiham etdi. O, Qərbin ölkə və regiondakı mənfi təsirlərindən danışsa da, Rusiyanın analoji fəaliyyətlərinə toxunmadı.
Konsensus pozuldu
Sirr deyil ki, 2012-ci ildə Tbilisidə İvanişvili hökumətinin qurulması Kreml və Qərb arasında əldə edilən konsensusun nəticəsi idi. Lakin Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq istiqamətində atdığı addımlar bu ortaq məxrəcin pozulmasına gətirib çıxardı.
Moskvanın regionda ən geniş təsir dairəsinə malik olduğu ölkənin Ermənistan olduğunu nəzərə alsaq, Qərbin Rusiyanı bölgədən sıxışdırmaq prosesinə məhz Ermənistandan başlaması anlaşılandır. Lakin bu planların icrası üçün vacib olan logistik imkanlar yalnız Gürcüstan ərazisindədir.
Odur ki, Qərbin nəzərində, Tbilisi prosesin tərkib hissəsi olmalıdır. Aİ-nin geosiyasi məqsədləri rəhbər tutaraq Gürcüstana Birliyə namizədlik statusu verməsini həm də bu kontekstdə nəzərdən keçirmək lazımdır.
Tbilisinin təhlükəli vasitəçiliyi
Təsadüfi deyil ki, sözügedən statusun təqdim edilməsindən dərhal sonra Gürcüstan ərazisindən Qərb silahlarının ilk partiyası Ermənistana göndərildi. Başqa sözlə desək, Tbilisi “İrəvanın təhlükəsizliyinin diversifikasiyası” adı altında digər dövlətlərə qarşı öz ərazisindən istifadə edilməsinə icazə verdi.
Qərbin Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açması cədlərinə etiraz edən İvanişvili heç şübhəsiz ki, Ermənistanın öz ərazisində analoji planlarla razılaşdığını anlayır. Təcrübəli siyasətçi başa düşür ki, hazırda Cənubi Qafqazda Qərbin Kreml əleyhinə forpostu roluna başlıca namizəd məhz İrəvandır.
Belə şəraitdə, Gürcüstan hakimiyyətinin müəyyən qərarları onun tərəfdaşlarında, o cümlədən də Azərbaycanda haqlı suallar yaradır: Tbilisi Ermənistanda Rusiyaya qarşı ikinci cəbhənin açılmasında iştirak edəcəkmi? Bu baş verdiyi halda Rusiyanın reaksiyasını nəzərdən keçirirmi? Gürcüstan Ermənistanın qlobal güclərin mübarizə meydanına çevrilməsi işində vasitəçi olacaqmı?
Nəticə
Böyük dövlətlər arasında qlobal rəqabətin artması özünü dünyanın müxtəlif bölgələrində, o cümlədən də Cənubi Qafqazda büruzə verir. Hazırda Gürcüstanda baş verənlər məhz bu rəqabətin regional təzahürüdür. Aİ Gürcüstana Birlik üzvlüyünə namizəd statusu verməklə regiondakı daxili və xarici aktorları hərəkətə gətirdi.
İndi rəsmi Tbilisi çətin sınaq qarşısındadır. Bütün digər məsələlərlə yanaşı, ölkə rəhbərliyi anlamalıdır ki, Rusiyanın Ermənistandakı təsirinin zəiflədilməsi üçün vasitəçilik təkcə Gürcüstanda deyil, bütün regionda gərginliyi artırır. Xüsusilə də, Ukrayna müharibəsinin nəticələrinin hələ məlum olmadığı bir zamanda, belə addımlar ciddi nəticələri olan fəsadlar yarada bilər.
Azərbaycana gəlincə, ölkəmiz bölgədə hərarəti aşağı salmaq üçün əlindən gələni edir. Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması, Ermənistanla sərhədlərin delimitasiyası məhz bu nəticəyə xidmət edir. Lakin regonun taleyi təkcə Azərbaycandan asılı deyil.