• 31 Oktyabr 2024 08:13

Bizi zəhərləyən qidalar – Onların keyfiyyəti niyə ildən-ilə azalır?

Keyfiyyətli və düzgün qidalanma sağlam olmağımız üçün ən vacib amildir. Amma reallıq göstərir ki, xəstəxanalarda pasiyent, apteklərin bir çoxunda isə alıcı əlindən tərpənmək olmur.

 

Vəziyyətin bu duruma gəlməsində keyfiyyətsiz qidalar az rol oynamır. Zaman-zaman mütəxəssislər də öz açıqlamalarında keyfiyyətsiz qidaları bir çox xəstəliklərin yaranmasında əsas səbəb kimi göstərirlər.

 

Bəs bu cür qidalara niyə göz yumulur? Niyə ildən-ilə qidaların keyfiyyəti azalır?

 

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

 

O qeyd edib ki, son zamanlar qida çeşidliliyinin artması, rəf ömrü uzun olan qidaların satışı, daha çox qazanc götürmək üçün təbii proseslərin əvəzinə kimyəvi maddələrlə boyanılma və bir çox müdaxilələr nəticəsində keyfiyyətsiz qidalar çoxalıb. Bu səbəblər bütün məhsullarda özünü göstərir. Məsələn, yağlarda, ət, süd məhsullarında, qazlı, rəngli sularda və s.

 

Azərbaycanda azad sahibkarlığın inkişafına dəstək üçün sahibkarlara müəyyən fürsətlər verilsə də, bu, heç də hər bir sahibkarın düzgün, standartlara uyğun çalışması və qida təhlükəsizliyinin bütün qaydalarına əməl etməsi anlamına gəlmir.

 

Qida Təhlükəsizliyi Agentliyinin mütəmadi olaraq əhalinin sağlamlığının qorunması istiqamətində apardığı monitorinqlərin nəticəsində də bunu görürük ki, ölkəmizdə qeyri-sağlam və qida təhlükəsizliyi qaydalarına uyğun olmayan yetərincə qidalar var”.

 

M.Hüseynova əlavə edib ki, bir çox hallarda bu məhsulları satışdan geri çağırsalar da, müəyyən zamandan sonra onlar yenə də piştaxtaları bəzəyir:

 

“Keyfiyyətsiz məhsullar bütün insanlara, əhalimizin sağlamlığına zərər vursa da, ən çox zərərçəkənlər yüksək risk qrupunda yer alan uşaqlar, yaşlılar, xroniki xəstəliyi və immunsistemi zəif olan insanlardır. Belə olan halda zəhərlənmələr ölümlə nəticələnir.

 

Bundan əlavə, sözügedən qidalar allergik reaksiyalara, maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır. Eləcə də həzm sistemində, mədədə, bağırsaqlarda müəyyən problemlərin yaranmasına səbəb olur. Ona görə mütləq şəkildə qida alarkən mənşəyinə və onun keyfiyyətli olmasına diqqət yetirmək lazımdır”.

Tacxeber.com

Oxşar xəbərlər