• 24 Noyabr 2024 00:05

“Qoca deputatların arasında lazımsız adamlar var” – Kimlər yola salınır?

Son günlər mətbuatda yaşlı deputatların yenidən parlament seçkilərində namizəd olması mövzusu ciddi müzakirə olunub. Belə ki, bir çox sosial şəbəkə istifadəçisi bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirib. Bəzi istifadəçilər artıq gənclərin deputat kimi təmsil olunmağının vaxtının çatdığını desələr də, digər tərəfdən orta və yaşlıların daha səriştəli olduğunu qeyd edənlər də tapılıb. 

 

Qeyd edək ki, qanunvericiliyə əsasən, 18 yaşını tamamlamış istənilən Azərbaycan vətəndaşı deputatlığa namizəd ola bilər. Yəni qanunda parlament seçkilərində iştirak etmək üçün maksimal yaş həddi nəzərdə tutulmur.

 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, dünyanın əksər ölkələrində parlamentarilər orta və yaşlı nəslin nümayəndəsidir:

 

“Bununla bağlı qadağanın olması ümumiyyətlə qanunvericilik baxımından qeyri-mümkündür. Məsələn, ABŞ-ın senatorlarının, konqresmenlərinin əksəriyyətinin yaşı 60-dan, 70-dən yuxarıdır. Yaşına görə parlament üzvlərini aşağılamaq və təhqir etmək birbaşa olaraq dövlətə, milli hökumətə hörmətsizlikdir. Parlamentdə adətən təcrübəli adamlar təmsil olunur. Dünyanın hər bir yerində, müxtəlif dövlət vəzifələrində işlədikdən sonra, həmin şəxsləri parlamentə dəvət edirlər. Yoxsa heç bir təcrübəsi olmayan, qanunvericilikdən xəbərsiz adamların parlamentdə olması düzgün deyil. Gəlin müqayisə edək. İndiki parlamentin demək olar ki, 40 faizi gəncdir. Onların içərisində cəmi 1 əlin barmağının sayı qədər deputat kimi özünü təsdiq etmiş şəxs var. Qalanlarının özünü təsdiq etməsi mümkünsüzdür. Günah o gənclərdə deyil, onların həyat təcrübəsi imkan vermir ki, digərləri ilə ayaqlaşsın”.

 

Politoloq istər gənc, istərsə də yaşlı deputatlar arasında öz işini yaxşı görənlərin olduğunu qeyd edib:

 

Dünyanın demək olar ki, hər yerində orta və yaşlı nəslin nümayəndələri parlamentdə əksəriyyət təşkil edir. Əsas olaraq, parlamentdə qadınların sayını artırmaq lazımdır. Azərbaycan parlamentində çox təəssüf ki, 6 nəfərdən cəmi 1-i qadındır. Bu olduqca aşağı göstəricidir. Bu istiqamətdə çalışmaq lazımdır ki, qadın deputatlarımızın sayı çoxalsın. Düzdü, yaşlıların da içərisində lazımsız adamlar var. Normal və yaxşı deputatlar isə həm gənc, həm də yaşlı nəsilin içərisində var. Bu isə cəmi 20-25 nəfərdir. Qalanları isə illərdir parlamentdə otursa da, heç bir fəaliyyəti yoxdur. Bu yanaşma düzgün deyil”.

Tacxeber.com

Oxşar xəbərlər