“Temu” nədir? – Ətrafında gedən söz-söhbətlər və izah
Yəqin ki, son vaxtlarda “Temu” onlayn alış-veriş platformasının reklamları ilə çoxunuz rastlaşmısınız.
Tacxeber.com xəbər verir ki, məhsullarını digər alış-veriş saytlarından dəfələrlə ucuz olması və çeşidlərin çoxluğu ilə insanların diqqətini cəlb edən platforma barədə səsləndirilən fikirlər birmənalı deyil.
“Temu” haqqında
“Whaleco Technology Limited” (Temu) Çin elektron ticarət şirkəti “PDD Holdings” tərəfindən idarə olunan və istifadəyə verildiyi 2022-ci ildən sürətlə inkişaf edən elektron ticarət platformasıdır. Biznes vebsayt və proqram vasitəsilə fəaliyyət göstərir. Amazon və digər böyük onlayn pərakəndə satıcıların işlədiyi kimi işləyir. Əsasən, birbaşa Çindən istehlakçılara göndərilən yüksək endirimli istehlak mallar təklif edir.
“Temu” satıcılarından öz məhsullarını “AliExpress”dən daha aşağı qiymətə təklif etmələrini tələb edir.
“Temu” barəsində şikayətlər
Dünyanın bir neçə qitəsində çox sayda ölkəyə satışlar həyata keçirən “Temu” barəsində ABŞ-də məhkəmə iddiaları qaldırılıb.
Əsas ittihamlar məhsulların keyfiyyətsiz olması və şəxsi məlumatların təhlükəsizliyinin qorunmaması ilə bağlıdır.
Alıcılar şirkətin fəaliyyətə başlamasından bəri yalnız son 14 ay ərzində bununla bağlı 900-dən çox şikayət ünvanlayıb (məlumatlar bu ilin fevral-mart aylarını əhatə edir).
Şikayətlər arasında keyfiyyətsiz və çatdırılma gecikmələri, həmçinin müştəri məlumatlarından sui-istifadə halları olduğu deyilir ki, bu da təhlükəsizlik mütəxəssislərini narahat edir.
Şikayətlərin bir qismi “Temu” müştərilərinin kredit kartı və bank məlumatlarının tətbiqdən istifadə etdikdən sonra satılması və ya sızdırılması barədədir.
“Temu” isə öz internet saytında “məxfiliyə çox əhəmiyyət verdiyini” deyir. Şirkət həmçinin bildirir ki, şəxsi məlumat ənənəvi mənada “satılmır” və yalnız istifadəçilər üçün daha yaxşı və fərdiləşdirilmiş xidmət yaratmaq məqsədilə konkret təşkilatlara verilir.
“Temu”nun (1) telefonunuzdakı her şeyə giriş əldə etdiyi və (2) tətbiqin təhlükəli məqsədli və və casus proqram fəaliyyətini həyata keçirmək üçün alətlərlə dolu olduğu ilə bağlı iki kütləvi iddia qaldırılıb.
Qeyd olunur ki, “Temu” tətbiqi və saytı istifadəçilərin bir alış-veriş platforması üçün olmayan əlaqə, biometrik və s. bir çox məlumatlarını toplayır.
ABŞ İnternet Təhlükəsizliyi Mərkəzi hətta bir vaxtlar “Temu”nun məxfilik pozuntularına görə ABŞ-nin tətbiq mağazalarından müvəqqəti olaraq çıxarıldığını açıqlayıb.
“Temu” isə iddiaları qəti şəkildə rədd edir. Şirkət sözçüsünün açıqlamasında deyilir:
“Biz iddiaları qəti şəkildə rədd edirik və özümüzü bu əsassız məhkəmə iddialarına qarşı qətiyyətlə müdafiə etmək niyyətindəyik. Şikayətlər “Temu”nun səhmlərinin qiymətini dezinformasiya yolu ilə aşağı salmaq məqsədi daşıyır.
Məxfiliyin qorunması “Temu”nun əsas dəyərlərindən biridir. Məxfilik təcrübəmiz sənaye standartlarına uyğundur və məxfilik siyasətimiz şəffaf şəkildə təsvir edilib. “Temu” tətbiqində və veb saytında “icazələr” bölməsinə malikdir”.