• 23 Noyabr 2024 21:43

Nikah yaşına çatmayanlara dini kəbinin kəsilməsi qadağan edilir

 

Azərbaycanda uşaq hüquqları ilə bağlı yeni sənədlər hazırlanır.

 

Tacxeber.com-ın məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva məlumat verib.

 

O qeyd edib ki, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” əsasında hazırlanan iki sənəd yekunlaşıb, qəbul olunub: “Bunlar fövqəladə hallarda, pandemiya və s. Durumda uşaqların təhsilə və digər sosial xidmətlərə əlçatanlıqda bərabərliyin təmin edilməsi və xarici ölkələrdəki yetkinlik yaşına çatmayan Azərbaycan vətəndaşlarının ölkəmizə repartiasiyasi haqqında sənədlərdir. Növbəti 3 sənəd isə demək olar, son mərhələdədir. Bu il həmin sənədlər qəbul olunacaq”.

 

Sədr müavinin sözlərinə görə, uşaq hüquqları ilə bağlı qanun layihəsi artıq aidiyyəti qurumların rəy mərhələsindədir. O qeyd edib ki, qanun layihəsində uşaqlarla bağlı inzibati və məhkəmə icrası ilə əlaqədər yeni tələblər yer alıb.

 

O qeyd edib ki, uşaq hüquqları ilə bağlı yeni hazırlanan qanunda bu kimi bir çox önəmli məqamlar öz əksini tapıb. Sədr müavini qanunla nikah yaşına çatmayan şəxslərə dini kəbinin kəsilməsinin qadağan edilə biləcəyini vurğulayıb.

 

Aynur Sofiyeva, həmçinin bildirib ki, Ailə Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən küçə uşaqları ilə bağlı böyük layihənin icrasına başlanılıb. O qeyd edib ki, mətbuatda və kütləvi informasiya vasitələrində çətin vəziyyətdə olan uşaqlarla bağlı mütəmadi məlumatlar yayımlanır.

 

“Bəzən urbanizasiyanın nəticəsində aşkar olunmayan amma dəstəyə olan uşaqlarla bağlı məlumat alırıq. Onların çoxu qeydiyyatsız evlərdə, gecəqondularda yaşayırlar. Ona görə, RİH-lərinin yerlərdəki nümayəndələrinin daha fəal olmasını istəyirik”, – deyə Komitə sədrinin müavini “Yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş hüquq pozuntularının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda elmi-praktiki konfransda çıxış edərkən bildirib.

Tacxeber.com

Oxşar xəbərlər