• 23 Noyabr 2024 23:09

Misirlilər 4000 il əvvəl xərçəngi cərrahi yolla müalicə edirmiş? – İnanılmaz

Bu yaxınlarda aparılan araşdırma göstərib ki, xərçənglə mübarizə düşünüldüyündən daha erkən başlayıb. Arxeoloqlar qədim misirlilərin 4000 ildən əvvəl bədxassəli şişləri cərrahi yolla çıxarmağa çalışdıqlarını aşkar ediblər.

 

Qaynarinfo xəbər verir ki, müvafiq araşdırmanın nəticələri “Frontiers in Medicine” jurnalında dərc edilib.

Alimlər əvvəllər qədim Misir həkimlərinin xərçəngin müxtəlif növlərini dəqiq təsvir edə bildiyinə dair sübutlar tapmışdılar. Lakin xəstəliyin təbiətinin anlaşılması və effektiv müalicə üsullarının daha gec  sənədləşdirilməyə başlanılıb. Qədim misirlilərin xərçəngə necə yanaşdıqlarını daha yaxşı başa düşmək üçün İspaniya, Britaniya və Almaniyadan olan beynəlxalq alimlər qrupu Kembric Universitetində Dakvort kolleksiyasından iki kəllə sümüyünü tədqiq ediblər.

 

Kəllə sümüyü və alt çənəsi 236 kimi tanınan ilk nümunə eramızdan əvvəl 2687-2345-ci illərdə yaşamış təxminən 30 yaşında bir kişiyə aiddir. İkinci kəllə sümüyü, nümunə E270, eramızdan əvvəl 663-343-cü illərdə yaşamış 50 yaşdan yuxarı bir qadına aiddir. Mikroskopik analizdən istifadə edərək, tədqiqatçılar hər iki kəllə sümüyündə geniş yayılmış xərçəng izlərini müəyyən ediblər. 236 kəllə sümüyünün vəziyyəti xüsusilə maraqlı olub, orada da metastaz verən xərçəngi göstərən çoxsaylı kiçik izlər olub.

 

Tədqiqatçılar bu izlərin ətrafında aydın kəsiklər aşkar etdikdə təəccübləniblər. Bu, kəskin metal alətlərdən istifadə edərək şişi cərrahi yolla çıxarmaq cəhdlərini göstərə bilər. Əgər bu fərziyyə təsdiqlənərsə, bu, bəşər tarixində xərçəngin cərrahi müalicəsinin sənədləşdirilmiş ilk hadisəsi olacaq.

 

“Mikroskop altında şişin üzərindəki kəsikləri görəndə biz əvvəlcə şübhə ilə yanaşdıq, baxmayaraq ki, onlar çox aydın idi. Tibb tarixində mühüm bir mərhələnin şahidi olduğumuzu başa düşülməsi bir müddət çəkdi”, – İspaniyanın Santyaqo de Kompostela Universitetinin paleopatoloqu, tədqiqatın həmmüəllifi Edqard Kamaros bildirib.

 

Cərrahiyyə böyük şişlərin müalicəsinin əsas istiqamətlərindən biri olaraq qalır, xüsusən də erkən aşkar edildikdə. Lakin 236 nümunəsinin kəllə sümüyünün ümumi vəziyyətini və kəsiklərin izlərini nəzərə alsaq, müalicənin uğursuz olduğunu güman etmək olar. Kəsiklərin ölümdən sonra edildiyi də mümkündür ki, bu da hələ də qədim Misir həkimlərinin bu ciddi xəstəliyi anlamaq cəhdlərindən xəbər verir.

Tacxeber.com

Oxşar xəbərlər